Sürücülərin avtomobil idarə edərkən mobil telefondan istifadəsi və nəqliyyat vasitələrində qanunsuz reklam yerləşdirilməsi ilə bağlı cərimə prosedurlarına edilən dəyişikliklər müzakirə mövzusudur. Bu məsələlərdə qanunvericiliyin tələblərinin dəqiq müəyyənləşdirilməsi həm yol hərəkəti təhlükəsizliyi, həm də sürücülərlə polis arasında yarana biləcək mübahisələrin qarşısının alınması baxımından əhəmiyyət daşıyır.
Referans Media-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, nəqliyyat vasitələrində reklam yerləşdirilməsi məsələsində əsasən hüquqi şəxslərin məsuliyyəti formalaşır.
Onun sözlərinə görə, hüquqi şəxslər reklam materialları ilə bağlı diqqətli ol
malı, qanunvericiliyin tələblərini bilməli və onlara əməl etməlidirlər.
Ekspert mobil telefondan istifadə məsələsinin isə fərdi xarakter daşıdığını qeyd edib. O bildirib ki, dünyanın bir çox ölkəsində bu məsələ ilə bağlı ciddi narahatlıqlar var. Yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, mobil telefondan istifadə artıq yol hərəkəti təhlükəsizliyi üçün ciddi təhdidə çevrilib. Belə cihazlar sürücülərin diqqətini yayındırır və hadisələrin baş verməsinə təsir göstərir.
Elməddin Muradlı hesab edir ki, bu məsələdə əsas məqamlardan biri qanunvericilik mexanizminin necə qurulmasıdır. Onun fikrincə, digər ölkələrin təcrübəsi araşdırılmalı, mobil telefonla yanaşı, eyni funksiyaları yerinə yetirən digər cihazlar da nəzərə alınmalıdır.
Ekspert bildirib ki, mövcud yanaşmada əsasən mobil telefon, yəni smartfon nəzərdə tutulur. Halbuki planşetlər və digər funksional cihazlar da mobil telefon kimi istifadə oluna bilər. Buna görə də qanunvericilikdə bu məsələnin dəqiqləşdirilməsinə ehtiyac var.
Onun sözlərinə görə, gələcəkdə sürücülərlə polis arasında mübahisələrin yaranmaması üçün qanunun tələbləri aydın şəkildə müəyyənləşdirilməlidir. Yarımçıq hazırlanmış qanunvericilik normaları mübahisələrə və məhkəmə çəkişmələrinə səbəb ola bilər.
Elməddin Muradlı vurğulayıb ki, yalnız qanun qəbul etmək naminə addım atmaq düzgün deyil. Əsas məqsəd mübahisəli məqamları aradan qaldıran, tətbiq mexanizmi dəqiq müəyyənləşdirilmiş qanunvericilik çərçivəsi yaratmaq olmalıdır.
Gülnaz Abdullazadə
