Astara yolunda 300 milyon dollarlıq plan: Dünya Bankına müraciət edildi

Azərbaycan hökuməti M3 nəqliyyat dəhlizinin növbəti hissəsinin – ilkin dəyəri təxminən 300 milyon dollar qiymətləndirilən, təxminən 140 km uzunluğundakı Biləsuvar-Astara sahəsinin tikintisi üçün maliyyə vəsaitinin alınması məqsədilə Dünya Bankına müraciət edib.

Referans Media Report-a istinadən xəbər verir ki, Dünya Bankının materiallarına əsasən, bu marşrutun davamının maliyyələşdirilməsi üçün müraciət edilməsi nəqliyyat əlaqəliliyinin və regional əlçatanlığın Azərbaycanın inkişaf proqramında prioritet istiqamətlər olaraq qaldığını göstərir. Ehtimal olunur ki, Dünya Bankının qarşıdakı əməliyyatı artıq həyata keçirilmiş layihənin tövsiyələrinə və praktiki təcrübəsinə əsaslanaraq sahədə islahatların paralel şəkildə irəlilədilməsi ilə yanaşı M3 dəhlizinin qalan hissəsinin bərpasına kömək göstərməyə yönələcək.

Tamamlanmış Regional Əlaqəlilik və İnkişaf Layihəsi (“Regional Connectivity and Development Project”) M3 avtomobil yolunun 70,96 km uzunluğundakı Salyan-Biləsuvar (Yenikənd-Biləsuvar) hissəsini əhatə edirdi. O, 2021-ci il mayın 20-də təsdiqlənmiş və müəyyən edilmiş müddətdə – 2026-cı il martın 31-də bağlanıb.

Həmin layihənin ümumi maliyyələşdirmə həcmi 95,88 milyon ABŞ dollarına (faktiki olaraq 95,21 milyon dollar istifadə edilib) çatırdı, bunun 65 milyon dolları Dünya Bankının krediti (64,69 milyon dollar istifadə edilib), 30,88 milyon dolları isə Azərbaycan hökumətinin iştirak payı (30,52 milyon dollar istifadə edilib) idi. Salyan-Biləsuvar sahəsindəki işlərin gedişatında 12 körpü (o cümlədən qənaət edilmiş vəsait və 2025-ci ilin noyabrında aparılan restrukturizasiya sayəsində maliyyələşdirilən beş əlavə körpü) yenidən qurulub. İqlim dəyişikliklərinə dayanıqlığın artırılması üzrə tədbirlər yolun 57,4 km-ni əhatə edib, orta çəkili yük avtomobillərinin istismar xərcləri isə planlaşdırılan 11% göstəriciyə nisbətdə 16,73% azalıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki