Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, lotereya və idman mərc oyunları ilə bağlı yeni vergi rejimi təklif olunur.
Referans Media xəbər verir ki, Musavat.com-un məlumatına görə, layihəyə əsasən, lotereya və idman mərc oyunlarının operatorlarına vergi öhdəliklərinin mövcud dövriyyədən 6% sadələşdirilmiş vergi rejimi saxlanılmaqla, GGR modeli üzrə vergi rejimini seçməklə bağlı hüququn verilməsi təklif olunur.
Qüvvədə olan Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən, lotereya və idman mərc oyunları üzrə əldə olunan uduşların 500 manatadək hissəsi gəlir vergisindən azad edildiyi, həmin məbləğdən artıq hissədən isə vergi tutulduğu üçün yüksək məbləğdə uduş əldə edən oyunçuların bir qisminin vergi öhdəliyindən yayınmaq məqsədilə qeyri-rəsmi mərc platformalarına üz tutması riski yaranır.
Bu baxımdan, qanuni fəaliyyət göstərən operatorların rəqabət qabiliyyətinin qorunması, oyunçuların lisenziyalı bazarda saxlanılması və qara bazarın payının azaldılması məqsədilə 500 manatdan yuxarı uduş məbləğlərindən tutulan 10 faiz dərəcəsi ilə verginin ləğv edilməsi (stimullaşdırıcı lotereyalardan əldə edilən uduşlar istisna olunmaqla) və ya bu sahədə vergi yükünün optimallaşdırılması nəzərdə tutulur.
Eyni zamanda, Məcəllədə edilən dəyişikliklərə əsasən, onlayn ticarətə dair yeni prosedur müəyyənləşir.
Layihəyə əsasən, Vergi Məcəlləsinin 109.8-ci maddəsi üzrə vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınmış mallar üzrə gəlirdən çıxılan məbləğ üzrə 2%-lik limitinin platforma üzərindən sifariş edilən və “Smart Customs” sistemi vasitəsilə ölkəyə daxil olan mallara tətbiq edilməməsi təklif olunur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
