Türkiyənin tanınmış jurnalisti və televiziya aparıcısı Reha Muhtarın vəfatından sonra mirası ilə bağlı yeni detallar ortaya çıxıb.
Referans Media xəbər verir ki, uzun müddət tək həyat sürən Reha Muhtar mayın 28-də ürək çatışmazlığı səbəbilə Bodrumda xəstəxanaya yerləşdirilib.
66 yaşlı jurnalist iyunun 3-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Onun üçün Beşiktaşdakı Barbaros Hayrettin Paşa Məscidində vida mərasimi keçirilib və Muhtar Yeniköy qəbiristanlığında dəfn olunub.
Məlumata görə, Reha Muhtarın mirası ilə bağlı bütün təfərrüatların sentyabrın ilk həftəsində açıqlanması gözlənilir.
Türkiyə mediasının yazdığına görə, Muhtarın ictimaiyyətə məlum olan aktivləri arasında Baltalimanıda bir malikanə, Yeniköydə iki ev, bankda müddətli depozit hesabı, xaricdə daşınmaz əmlak və kirayə gəliri gətirən üç ev var.
Jurnalistin sərvəti, əmlakları, övladları və potensial qanuni varisləri ilə bağlı məlumatların sentyabr ayında rəsmiləşəcəyi bildirilir.
Varisləri kimlərdir?
Reha Muhtarın Deniz Uğurla münasibətindən dünyaya gələn əkizləri Mina Deniz və Poyraz Deniz onun övladlarıdır.
Bundan başqa, Muhtarın övladlığa götürdüyü Ayşe Nazlı Yumlu da miras məsələsində adı çəkilən şəxslərdəndir.
Reha Muhtar kim idi?
21 iyul 1959-cu ildə İstanbulda anadan olan Reha Muhtar TED Ankara Kollecində təhsil aldıqdan sonra Ankara Universitetinin Siyasi Elmlər Fakültəsinin Jurnalistika və Yayım şöbəsini bitirib.
Jurnalist fəaliyyətinə 1983-cü ildə “Milliyet” qəzetində müxbir kimi başlayan Muhtar 1985-1993-cü illərdə TRT-nin Afina müxbiri və proqram prodüseri kimi çalışıb.
1990-cı illərdə televiziya xəbərçiliyində geniş tanınan jurnalist xüsusilə “Show TV”nin əsas xəbər bülleteninin aparıcısı kimi böyük populyarlıq qazanıb.
Karyerası ərzində Kanal D, Star TV, ATV, FOX TV, CNN Türk və Kanaltürk kimi televiziya kanallarında çalışan Muhtar, eyni zamanda “Akşam”, “Sabah”, “Star” və “Vatan” qəzetlərində köşə yazıları ilə çıxış edib.
Reha Muhtarın ölümü Türkiyə mediasında böyük rezonans doğurmuşdu. İndi isə onun geridə qoyduğu əmlak və sərvətin taleyi diqqət mərkəzinə keçib./NOCOMMENT.az/
