Yayda dondurma yeyənlərə XƏBƏRDARLIQ

Yay mövsümünü dondurmasız təsəvvür etmək çətindir. Həm böyüklərin, həm də uşaqların sevimli sərinləşdirici qidalarından biri olan dondurma isti havalarda ən çox istehlak edilən məhsullardandır. Lakin vitrindəki hər dondurma eyni keyfiyyət və təhlükəsizlik göstəricilərinə malik olmaya bilər. Məhsulun tərkibi, saxlanma müddəti, temperatur rejimi və qablaşdırılması istehlakçı üçün diqqət edilməli əsas məqamlardandır.

Picture background

Referans Media bildirir ki, mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a danışıb. Onun sözlərinə görə, dondurma mövsümü başlayandan istehlakçılardan bu məhsulla bağlı müxtəlif məlumatlar daxil olur:"Dondurma mövsümü başlayandan etibarən istehlakçılardan bu məhsulla bağlı müxtəlif şikayətlər daxil olur. Məsələn, bu gün bir istehlakçı zəng edərək aldığı dondurmanın qabının əzik və zədələnmiş vəziyyətdə olduğunu bildirib. Təəssüf ki, dondurmanın və ya istehsalçı şirkətin adını qeyd etməyib.

Dünən isə başqa bir istehlakçı küçədə yerə düşmüş dondurma gördüyünü deyib. Onun sözlərinə görə, dondurmanın içindəki ağ hissə ərimiş olsa da, üzərindəki şokolad isti yay havasında belə əriməmişdi. Yəni istehlakçılardan bu məhsulla bağlı müxtəlif məlumatlar və müşahidələr daxil olur.
Qeyd edim ki, dondurma yüksək kalorili süd məhsuludur. Onun istehsalında əsasən kərə yağından istifadə olunur. Lakin müəyyən texniki şərtlərə və standartlara uyğun olaraq, kokos yağından da dondurma hazırlana bilər. Bu, özlüyündə qeyri-normal hal deyil və müvafiq standartlara cavab verdiyi halda mümkündür.
Lakin bəzi hallarda dondurma istehsalçıları, necə deyərlər, kərə yağına qənaət etmək məqsədilə məhsula müxtəlif bitki yağları əlavə edə bilərlər. Bu isə dondurmanın keyfiyyətində və dadında özünü göstərir. Standartlara uyğun hazırlanmış keyfiyyətli dondurma dilə qoyulduqda təzə qaymaq dadı verməlidir".

Eyyub Hüseynov istehlakçıların dondurmanın qablaşdırılmasına xüsusi diqqət yetirməli olduğunu deyib. Onun sözlərinə görə, əzilmiş və sonradan yenidən dondurulmuş məhsullardan uzaq durmaq lazımdır:"Əgər dondurma qablaşdırılmış şəkildə satılırsa, istehlakçı onun qablaşdırılmasına da diqqət etməlidir. Məhsul əzilmiş, deformasiyaya uğramış və sonradan yenidən dondurulmuş vəziyyətdə olmamalıdır. Xüsusilə uzaq ölkələrdən gətirilən dondurmalar daşınma zamanı temperatur dəyişikliyinə məruz qala, əriyə, daha sonra isə yenidən dondurula bilər. Belə halda məhsulun keyfiyyəti və təhlükəsizliyi ilə bağlı ciddi risklər yarana bilər.
İstehlakçının hüququ var ki, məhsulun istehsal və buraxılış tarixi, eləcə də son yararlılıq müddəti barədə satıcıdan məlumat tələb etsin. Bununla belə, ilkin məlumat dondurmanın üzərindəki etiketdə əksini tapır. İstehlakçılara mümkün qədər yararlılıq müddəti çox uzun olmayan dondurmalara üstünlük verməyi tövsiyə edirəm.
Picture backgroundOnu da qeyd edim ki, Azərbaycanda bir neçə yerli dondurma istehsalçısı fəaliyyət göstərir. Eyni zamanda ölkəyə xaricdən də müxtəlif dondurmalar gətirilir. Mən istehlakçılara yerli istehsala üstünlük verməyi tövsiyə edərdim. Çünki yerli istehsal müəssisələri müvafiq nəzarət mexanizmləri çərçivəsində fəaliyyət göstərir və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətdə saxlanılır.
İstehlakçı hər hansı problemlə qarşılaşarsa və ya şübhəli dondurma məhsuluna rast gələrsə, bu barədə AQTA-nın 1003 Çağrı Mərkəzinə məlumat verə bilər. 2013-cü ildə Azad İstehlakçılar Birliyi beynəlxalq təşkilatın layihəsini həyata keçirirdi. Həmin layihə çərçivəsində Azərbaycan istehlakçıları üçün “Qida Təhlükəsizliyi” nişanı təsis etdik. Azərbaycanda yalnız bir dondurma istehsalçısına bu nişan şamil olunmuşdu".

Eyyub Hüseynov istehlakçılardan dondurmaların qış aylarında istehsal edilərək yay mövsümünə qədər saxlanılması ilə bağlı da məlumatlar aldığını söyləyib: "Dondurma -18°C temperaturda saxlanıldığı halda uzun müddət qoruna bilər və bu zaman məhsulun keyfiyyətində dəyişiklik baş verməyə bilər. Lakin yenə də istehlakçılara istehsal və son yararlılıq tarixləri arasındakı müddəti mümkün qədər qısa olan dondurmalara üstünlük verməyi tövsiyə edirəm".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki