Milli Məclis şifer və digər asbest tərkibli materialların istifadəsinin qadağan olunmasını qəbul edib. Ekspertlər bildirir ki, bu qərar qısa müddətdə həm əhali, həm də tikinti sektoru üçün əlavə maliyyə yükü yaradacaq.
Asbestli şifer uzun illər ucuz və əlçatan material kimi istifadə olunub, lakin alternativ materiallar – metal örtüklər, bitum əsaslı örtüklər və keramika kirəmit – daha baha başa gəlir. Bundan əlavə, köhnə örtüklərin təhlükəsiz sökülməsi və utilizasiyası da əlavə xərc tələb edir. Tikinti şirkətləri üçün yeni materiallara keçid ilkin mərhələdə maya dəyərinin artmasına, bu da mənzil qiymətlərində və ya təmir xərclərində yüksəlişə səbəb ola bilər. Uzunmüddətli perspektivdə isə səhiyyə xərclərinin azalması və daha keyfiyyətli tikinti standartlarının formalaşması iqtisadi baxımdan müsbət təsir göstərə bilər.
Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, köhnə dam örtüklərinin dəyişdirilməsi üçün subsidiyalar ünvanlı və mərhələli şəkildə tətbiq edilməlidir. Aşağıgəlirli ailələr üçün birbaşa qrant və ya xərclərin müəyyən faizinin dövlət tərəfindən qarşılanması effektiv mexanizm hesab olunur. Digər variant isə faizsiz və ya aşağı faizli uzunmüddətli kreditlərin təqdim edilməsidir. Bundan əlavə, yerli istehsalçıların alternativ material istehsalına dəstək verilməsi qiymətlərin aşağı düşməsinə kömək edə bilər. Vergi güzəştləri və ya ƏDV-nin müvəqqəti azaldılması da iqtisadi baxımdan balanslı alət hesab olunur.
Ekspert əlavə edir ki, qadağadan sonra tikinti bazarında istehsal strukturu dəyişəcək. Yerli istehsalçılar asbestli məhsullardan alternativ materiallara keçməli olacaq, bu isə yeni investisiya və texnologiya tələbi yaradacaq. İdxalın həcmi ilkin mərhələdə arta bilər, xüsusilə metal və kompozit dam örtükləri üzrə. Uzun müddətdə bazar tədricən yeni materiallara uyğunlaşacaq və rəqabət artdıqca qiymətlər stabilləşəcək. Keçid dövründə tikinti sektorunda müəyyən qiymət dalğalanmaları mümkündür.
Dövlət və ya özəl sektor tərəfindən birbaşa maliyyə dəstəyi verilməsə, maliyyə yükünü azaltmaq üçün digər mexanizmlər də mövcuddur. Banklar vasitəsilə zəmanətli kredit proqramları, kooperativ əsaslı toplu alış mexanizmləri və ya bələdiyyə səviyyəsində kollektiv dəyişdirmə təşəbbüsləri xərcləri azalda bilər. Sığorta şirkətlərinin risk əsaslı tarif siyasəti də təhlükəli materialların dəyişdirilməsini stimullaşdıra bilər. Həmçinin mərhələli keçid müddətinin tətbiqi əhaliyə xərcləri zaman üzrə bölüşdürmək imkanı verəcək və ani maliyyə təzyiqini azaldacaq.
Gülnaz Abdullazadə
