Ağır məktəb çantaları uşaqların sağlamlığını necə təhlükəyə atır? – Bilinməyən gerçəklər

Məktəb həyatı uşağın dünyagörüşünün formalaşdığı, bilik və bacarıqlar qazandığı mühüm bir mərhələdir. Amma bu gün məktəbə gedən uşaqların gündəlik həyatında diqqətdən kənarda qalan bir problem var: ağır məktəb çantaları. Səhər saatlarında məktəbə tələsən uşaqlara baxanda onların bəzən öz çəkilərinə nisbətdə kifayət qədər ağır yük daşıdıqlarını görmək mümkündür. Çantanın içində dərsliklər, iş dəftərləri, müxtəlif fənlər üzrə əlavə vəsaitlər, qovluqlar, su qabı və digər məktəb ləvazimatları olur. Bu, ilk baxışdan adi məişət problemi kimi görünə bilər. Əslində isə məsələnin arxasında uşaqların sağlamlığı dayanır.

Referans Media bildirir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a danışan sosioloq Nailə İsmayılova qeyd edib ki, uşağın çantasının bu qədər ağır olmasının əsas səbəblərindən biri dərs prosesində hər gün çoxsaylı kitab və dəftərin daşınması məcburiyyətidir:

"Bəzi hallarda müxtəlif fənlər üzrə dərsliklərə əlavə olaraq iş dəftərləri və digər materiallar da çantaya yerləşdirilir. Digər problem isə dərslərin təşkilində günün bütün yükünün uşağın üzərinə düşməsidir. Əgər məktəbdə şagirdin kitab və ləvazimatlarını saxlaya biləcəyi təhlükəsiz və əlçatan yerlər yoxdursa, uşaq bütün materialları evdən məktəbə, məktəbdən isə yenidən evə aparmalı olur. Beləliklə, təhsil prosesində yaranan təşkilati problem uşağın fiziki yükünə çevrilir".

Onun sözlərinə görə, uşaqların orqanizmi inkişaf mərhələsində olduğu üçün uzun müddət ağır yük daşımaq onların sağlamlığına ciddi mənfi təsir göstərir:

"Uşaqların orqanizmi inkişaf mərhələsində olduğu üçün uzun müddət ağır yük daşımaq onların rahatlığına və hərəkət vərdişlərinə mənfi təsir göstərə bilər. Çantanın düzgün yerləşdirilməməsi, yükün bərabər paylanmaması və uzun məsafələrdə daşınması bel, boyun və çiyin nahiyəsində narahatlıq yarada bilər. Burada xüsusilə bir məqamı nəzərə almaq lazımdır: uşağın 'güclü olması' onun ağır çanta daşımasının normal olduğu anlamına gəlmir. Məktəb çantasının çəkisi uşağın yaşına, bədən quruluşuna və fiziki imkanlarına uyğun olmalıdır. Çanta düzgün seçilməli, hər iki çiyində daşınmalı və ən ağır əşyalar uşağın belinə yaxın yerləşdirilməlidir. Amma bütün məsuliyyəti uşağın və valideynin üzərinə qoymaq da düzgün deyil. Çünki problem təkcə çantanın necə daşınması ilə həll olunmur. Əsas sual budur: uşaq niyə hər gün bu qədər yük daşımalıdır?".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki