Bu ilin əvvəlindən ötən 9 ay ərzində Azərbaycanda unun topdansatış qiyməti bahalaşıb.
Topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 20 qəpikdən 1 manat 10 qəpiyə kimi artım olub.
Qeyd edək ki, açıqlanan son məlumata görə, Azərbaycanda unun topdansatışı ilə 26 şirkət və bir fərdi sahibkar məşğul olur. İstisnasız olaraq bütün satış mərkəzlərində qiymət artımı qeydə alınıb.
Bu ilin əvvəlindən ötən 9 ay ərzində Azərbaycanda 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti aşağıdakı kimi dəyişib:
Bəs çörək bahalaşa bilərmi?
Referans Media bildirir ki, mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a qeyd edib ki, unun 50 kiloqramlıq kisəsində topdansatış qiymətinin 20 qəpikdən 1 manat 10 qəpiyə qədər artması öz-özlüyündə çörəyin qiymətinin dərhal və eyni nisbətdə bahalaşacağı anlamına gəlmir:
“Çünki çörəyin maya dəyərində un əsas komponent olsa da, enerji, əməkhaqqı, nəqliyyat, qablaşdırma və digər xərclərin də payı var. Buna görə unun qiymətindəki artım müəyyən həddə çatdıqda çörəyin maya dəyərinə təsir göstərə və istehsalçıların qiymət artımı tələbinə səbəb ola bilər. Lakin hazırkı artımın bütün çörək növlərinə avtomatik və kəskin qiymət artımı şəklində keçəcəyini demək tezdir.
Yaxın dövrdə müəyyən çörək növlərində qiymət dəyişiklikləri mümkündür, amma bunun genişmiqyaslı və ciddi bahalaşmaya çevrilməsi unun qiymətinin bundan sonra necə dəyişəcəyindən və digər istehsal xərclərindən asılı olacaq. Unun bahalaşmasının əsas səbəbləri isə taxılın alış qiyməti, daxili bazarda buğdanın təklif həcmi, idxal buğdasının və logistikanın maya dəyəri, enerji və digər istehsal xərclərinin artması ilə bağlı ola bilər.
Azərbaycan un bazarında qiymətlər həm daxili taxıl istehsalından, həm də dünya bazarındakı buğda qiymətlərindən təsirlənir. Xüsusilə idxal komponenti yüksəkdirsə, dünya qiymətlərində və daşınma xərclərində dəyişikliklər daxili bazara daha tez ötürülür. Qarşıdakı aylarda unun qiymətinin yenidən artması ehtimalını tam istisna etmək olmaz, lakin bunun davamlı xarakter alacağını indidən söyləmək düzgün olmaz.
Əgər buğdanın alış qiyməti, idxal xərcləri və logistika sabitləşərsə, indiki artımın müəyyən müddətdən sonra dayanması mümkündür. Əksinə, xammal və istehsal xərclərində yeni artımlar baş verərsə, unun bahalaşması çörəyin qiymətinə də mərhələli şəkildə təzyiq göstərə bilər”.
İqtisadçı qeyd edib ki, burada əsas məsələ unun qiymətindəki birdəfəlik dəyişiklikdən çox, bu artımın davamlı olub-olmamasıdır.
