Acun Ilıcalının sahibi olduğu “Hull City” klubunda çıxış edən Sorba Thomas yol qəzasına düşüb.
Referans Media xəbər verir ki, 27 yaşlı uelsli futbolçu klubun məşq bazasının yaxınlığında idarə etdiyi SUV markalı avtomobillə qəzaya uğrayıb.
Thomasın idarə etdiyi avtomobil sürücünün idarəetməni itirməsindən sonra yoldan çıxaraq bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib və hadisənin görüntüləri narahatlıq yaradıb.
“Hull City” klubundan verilən açıqlamada futbolçunun xəsarət almadığı bildirilib.
“Klubumuz sosial mediada yayılan və futbolçumuz Sorba Thomasın avtomobilinə aid görüntülərdən xəbərdardır. Azarkeşlərimizə futbolçumuzun heç bir xəsarət almadığını və avtomobildən tamamilə salamat çıxdığını məmnuniyyətlə bildiririk”, - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, “Hull City” Sorba Thoması yay transfer dönəmində 8,75 milyon avro qarşılığında heyətinə qatıb./Demokrat.az/
