Son günlər ölkə üzrə fəaliyyət göstərən elektronika mağazalarında mobil telefonların qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur.
Məsələn, bir müddət əvvəl giriş seqmentindən olan “Xiaomi Redmi A5” telefonu 170-180 manata təklif olunduğu halda, hazırda həmin modelin qiyməti 200-230 manata yüksəlib. Eyni vəziyyət “Honor x6c” smartfonunda da müşahidə olunur. 128 geqabayt yaddaş tutumu olan telefonun qiyməti 240-260 manatdan 330-360 manata qədər artıb.
Eyni modelin 256 geqabayt yaddaşa malik olanı isə, əvvəl 290-320 manata təklif olunurdusa, indi 380-410 manata təklif olunur. Yüksək seqmentdən olan “Samsung Galaxy s25” modelinin 128 geqabayt yaddaş tutumuna malik olanının qiyməti isə əvvəl 1650-1670 manata təklif olunurdusa, hazırda 1920-1950 manata təklif olunur.
Bu dəyişikliklər alıcılar arasında narahatlıq yaradıb və bahalaşmanın səbəbləri ilə bağlı suallar doğurub.
Mobil telefonların qiymətlərində son artımın əsas səbəbləri nələrdir? Yaxın aylarda qiymətlərin stabilləşməsi və ya ucuzlaşması gözlənilirmi?
İqtisadçı-ekspert Asif İbrahimov Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycan bazarında mobil telefonların satış qiymətlərində müşahidə olunan artım bir sıra iqtisadi və texnoloji amillə bağlıdır. Onun sözlərinə görə, mobil telefonlar ölkəmizə tam idxal olunur və bu səbəbdən qlobal bazarda baş verən qiymət dəyişiklikləri birbaşa daxili bazara təsir edir:
“Hazırda dünya bazarında telefonların əsas komponentləri olan yaddaş çiplərinin, prosessorların və digər elektron hissələrin qiymətində ciddi artım müşahidə olunur. Yəni, yekun məhsulun ərsəyə gətirilməsi üçün istifadə olunan xammalın qiyməti ciddi şəkildə bahalaşıb. Bu da məhsulun istehsalı üzrə maya dəyərini artırır. Xüsusilə süni intellekt texnologiyalarına tələbin artması ilə əlaqədar istehsalçıların xərcləri yüksəlir və bu artım son satış qiymətlərində öz əksini tapır”.
Ekspert qeyd edib ki, digər mühüm amil logistika və idxal xərclərinin artmasıdır:
“Daşıma, sığorta, gömrük rəsmiləşdirilməsi və digər əməliyyat xərclərinin yüksəlməsi telefonların maya dəyərinə təsir edir. Eyni zamanda, valyuta məzənnəsi ilə bağlı gözləntilər və bazarda formalaşan psixoloji amillər də qiymətlərə təsirsiz ötüşmür. Mövcud tendensiyalar göstərir ki, yaxın dövrdə telefon qiymətlərində kəskin ucuzlaşma ehtimalı yoxdur. Əksinə, qlobal texnologiya bazarında xərclərin artımı davam edərsə, qiymətlərdə mərhələli artım müşahidə oluna bilər. Bununla belə, bazarda rəqabət və yeni modellərin çıxışı müəyyən dövrlərdə qiymətlərə nisbi təsir göstərə bilər”.























