​Möhürlü dolları olanların nəzərinə: Bankların komissiya tələb etməsi QANUNİDİR?

Son vaxtlar üzərində möhür olan ABŞ dollarlarının bəzi banklar tərəfindən qəbul edilmədiyi və ya qəbul edilərkən yüksək komissiya tutulduğu barədə yayılan iddialar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Xüsusilə hər 100 ABŞ dollarına görə 20 dollara qədər komissiya tətbiq edildiyi ilə bağlı məlumatlar vətəndaşların narazılığına yol açıb.

Referans Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, bu cür məlumatların doğruluğu sual altındadır.

Onun sözlərinə görə, hər 100 dollardan 20 dollar komissiya tutulması ilə bağlı yayılan məlumatlar inandırıcı görünmür.

"Belə bir məbləğ çox böyükdür. Heç kim razı olmaz ki, hər hansı bank əməliyyatına görə aldığı və ya dəyişdirdiyi məbləğin 20 faizini banka ödəsin. Bu səbəbdən həmin informasiyanın doğru olub-olmaması ciddi sual doğurur. Mən bir neçə bankla əlaqə saxlamışam və bu məlumatı təsdiqləməyiblər", – deyə V.Oruc bildirib.

Ekspert qeyd edib ki, əgər belə bir hal həqiqətən baş verərsə, bu, vətəndaş hüquqlarının pozulması və bank sisteminin prinsiplərinə uyğun olmayan yanaşma hesab edilməlidir.

Onun sözlərinə görə, yalnız zədələnmiş əsginaslarla bağlı bankın müəyyən qərar vermək hüququ var. Lakin əsginasın üzərində möhür və ya hər hansı işarənin olması əlavə komissiya tutulmasına əsas vermir.

"Əgər həmin əsginas ABŞ-ın rəsmi pul vahididirsə, saxta deyilsə və həqiqi ödəniş vasitəsi kimi qəbul olunursa, ona görə xüsusi ödəniş və ya fərqli yanaşma tətbiq edilməsi qanuni deyil", – deyə o vurğulayıb.

V.Oruc hesab edir ki, belə hallar ya ümumiyyətlə mövcud deyil, əgər mövcuddursa, qanunsuzdur.

"Belə vəziyyətdə vətəndaşdan 20 faiz komissiya tələb oluna bilməz. İstər ABŞ dolları, istər Azərbaycan manatı, istərsə də digər valyutalar olsun, burada əsas məsələ əsginasın saxta olub-olmamasıdır. Əgər saxtadırsa, bununla bağlı müvafiq dövlət qurumlarının rəyi olmalıdır. Əgər saxta deyilsə, ona görə əlavə faiz tutulması düzgün deyil", – deyə ekspert bildirib.

O əlavə edib ki, bank əsginası qəbul etməkdən imtina edə bilər, lakin əlavə komissiya tələb etməsi qanunvericiliyin ruhuna uyğun deyil.

"Ölkədə bütün valyutalar üzrə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş rəsmi məzənnə və mübadilə qaydaları mövcuddur. Banklar və valyutadəyişmə məntəqələri həmin qaydalara əsasən əməliyyat aparmalı, burada əlavə faiz tutulmasından söhbət gedə bilməz", – deyə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc əlavə edib.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki