Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Şimali Makedoniya üzərində qazanılan 4:0 hesablı qələbədən sonra komandasının çıxışını dəyərləndirib.
Referans Media xəbər verir ki, italiyalı mütəxəssis xüsusilə gənc futbolçular Can Uzun, Aral Şimşir və Deniz Gülün performansını yüksək qiymətləndirib.
Montella bildirib ki, komandanın həm oyunu, həm də nəticəsi onu məmnun edib:
“Futbolçular meydana ciddi yanaşma ilə çıxdılar və istədiyimiz oyunu nümayiş etdirdilər. Daha az şans qazanan oyunçuları görmək imkanımız oldu. Qapımızı toxunulmaz saxladıq, bu da sevindiricidir”.
Türkiyə millisinin çalışdırıcısı gənc futbolçular barədə xüsusi danışaraq onların gələcəyinə inandığını vurğulayıb:
“Can Uzun, Aral Şimşir və Deniz Gülün çıxışından razı qaldım. Onların bu performansı göstərə biləcəyini bilirdik. Milli komandaya uyğunlaşırlar və buna görə çox xoşbəxtəm. Mən yalnız bu günü deyil, gələcəyi də planlaşdırıram. Can Uzunu hələ ikinci liqada çıxış edərkən milliyə dəvət etmişdim. Kenan Yıldız da ‘Yuventus’un ikinci komandasında oynayarkən burada idi. Gənclərin komandaya inteqrasiyası çox önəmlidir. Can Uzun və Deniz Gülə inanıram. Əgər inanmasaydım, onlar burada olmazdılar”.
Montella zədəli futbolçuların vəziyyətinə də toxunub. O, Hakan Çalhanoğlu, Kenan Yıldız, Kerem Aktürkoğlu, Arda Güler və Ferdi Kadıoğlunun tam hazır vəziyyətə gətirilməsi üçün işlərin davam etdiyini bildirib.
Təcrübəli mütəxəssis Dünya Çempionatından sonra milli komandadan ayrılacağı ilə bağlı yayılan iddialara da münasibət bildirib:
“Bu mövzuda danışmaq belə istəmirəm. Bütün enerjim və sevgim Türkiyə millisindədir. Menecerimə də demişəm ki, başqa təkliflər olsa belə, mənə çatdırmasın. Hazırda bütün diqqətim milli komandadadır”.
