Rusiya Federasiyasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi Viktor Vasilyev Ermənistanın qurum qarşısındakı yığılıb qalmış irihəcmli maliyyə borclarını ifşalayıb və rəsmi İrəvana öz öhdəliklərini yerinə yetirməsi barədə xəbərdarlıq edib.
Referans Media xəbər verir ki, daimi nümayəndə mətbuata verdiyi rəsmi bəyanatda Ermənistan Respublikasının KTMT-nin ümumi büdcəsinin düz 10 faizini ödəməyə borclu olduğunu, lakin artıq iki ildir ki, təşkilata hər hansı bir üzvlük haqqı yatırmadığını bildirib. Vasilyev İrəvanın nümayiş etdirdiyi bu mövqeyi kəskin tənqid edərək deyib: "Ermənistan tərəfinin ödəməli olduğu və qurumun büdcəsinin tam 10 faizini təşkil edən maliyyə vəsaitini onlar artıq iki ildir ki, təşkilatın hesabına köçürmürlər".
Hərbi-siyasi ekspertlər Ermənistanın KTMT layihələrindən və maliyyələşməsindən imtina etməsini Baş nazir Nikol Paşinyanın bu hərbi blokla münasibətləri tamamilə dondurmaq və ölkəni tədricən Qərb platformalarına inteqrasiya etmək siyasətinin bir tərkib hissəsi kimi qiymətləndirirlər. Moskvadan gələn bu son rəsmi açıqlama isə iki müttəfiq ölkə arasında təhlükəsizlik və maliyyə sahəsindəki uçurumun getdikcə daha da dərinləşdiyini göstərir./Musavat.com
