Zəlzələ Venesuelanı sarsıtdı, Türkiyə yardım qərarı verdi

Türkiyə Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra yardım üçün hərəkətə keçib.

Referans Media xəbər verir ki, Venesuelada qısa zaman aralığında baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələnin nəticələri ağır olub. Son məlumata görə, təbii fəlakət nəticəsində azı 235 nəfər həyatını itirib, 4 min 300-dən çox insan yaralanıb. Axtarış-xilasetmə və dağıntıların aradan qaldırılması işləri davam edir.

Faciədən sonra Türkiyə yardım qərarı qəbul edib. Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyası ilə bölgəyə axtarış-xilasetmə və humanitar yardım missiyası göndərilir.

Məlumata görə, İstanbuldan yola salınacaq iki təyyarə ilə 38 nəfərlik axtarış-xilasetmə qrupu, səhiyyə əməkdaşları, humanitar yardım heyəti, iki xilasedici it və xüsusi təchizatlı texnikalar zəlzələdən zərər çəkən əraziyə çatdırılacaq.

Rəsmi açıqlamada bildirilib ki, yardım əməliyyatı aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilir və bölgədə vəziyyət yaxından izlənilir.

Venesuelada xilasetmə işləri davam edir və ölənlərin sayının arta biləcəyi istisna olunmur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki