Ərəb dünyası türkmanları ilə Bakıda forum keçirildi – FOTOLAR

2026-cı il iyunun 25-də Bakıda – Beynəlxalq Muğam Mərkəzində “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçirilib.
Referans Media  bildirir ki, forumda İraq, Suriya, Livan və Türkiyədən 30 nəfərə yaxın vətəndaş cəmiyyəti təmsilçiləri, o cümlədən 250 nəfərdən çox yerli QHT nümayəndələri iştirak edib.

Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov tədbiri türkman irsi bayramı kimi dəyərləndirib. O, şərqiləri dillər əzbəri olan Kərkük ellərinə salamlarını çatdırıb, Ərəb dünyası türkləri – türkmanların Azərbaycanın mənəvi coğrafiyasının dəyərli parçası olduğunu qeyd edib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, bundan sonra türkman QHT-ləri ilə forumlar hər il keçiriləcək. O, QHT Agentliyinin növbəti forumların İraq, Suriya və Livanda keçirilməsi üçün də müzakirələrə tam hazır olduğunu elan edib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova türkman irsinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.

İraq parlamentinin kərküklü deputatı, “İraq Türkman Cəbhəsi”nin lideri Ərşad Salihi türkmanların Azərbaycana dərin məhəbbətindən danışaraq, buranı öz vətəni hesab etdiklərini vurğulayıb. O, forum çərçivəsində aparılan müzakirələrin Azərbaycan və İraq arasında əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətini qeyd edib.

Suriya parlamentinin Hələbdən olan deputatı Tarık Sulo Cevizci son illərdə Azərbaycan ilə Suriya arasında inkişaf edən əlaqələrdən danışıb. O, dövlət başçıları səviyyəsində keçirilən görüşlərin münasibətlərin möhkəmlənməsinə töhfə verdiyini bildirib, xüsusilə təhsil sahəsində göstərilən yardımları yüksək qiymətləndirib.

Livanda fəaliyyət göstərən “Azərbaycan Evi”nin rəhbəri Xalid İsmayıl Livanın Kavaşra kəndində fəaliyyət göstərən “Azərbaycan Evi”ndə həyata keçirilən layihələrdən söz açıb. O, bu mərkəzin Azərbaycan ilə Livan türkmanları arasında mədəni körpü rolunu oynadığını və gələcəkdə fəaliyyətin daha da genişləndirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı türkmanların tarixi yaddaşının, milli kimliyinin və mədəni irsinin qorunmasının vacibliyini diqqətə çatdırıb. O, türk dünyasında həmrəyliyin gücləndirilməsində vətəndaş cəmiyyətlərinin rolunun xüsusi əhəmiyyət daşıdığını bildirib.

İraqdakı Füzuli Mədəniyyət Mərkəzinin sədri Haşim Kamil Mustafa ortaq ədəbi-mədəni bağların daha da möhkəmlənməsi üçün fəaliyyətin daha da gücləndirilməsinə çağırıb.

“Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri, türkmanşünas Orxan İsayev rəhbərlik etdiyi Mərkəzin bu tədbiri təşkil etməkdən şərəf duyduğunu dilə gətirib. O, türkman irsinin öyrənilməsi üçün planlaşdırılan layihələrdən söz açıb. /qlobalinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki