Kosmosa liftlə getmək mümkün olacaq - YENİ LAYİHƏ

Tokioda fəaliyyət göstərən bir tikinti şirkəti Yer səthini orbitdə yerləşən stansiya ilə birləşdirəcək elektromaqnit nəqliyyat sistemi üzərində çalışır.

 
Layihənin əsas məqsədi ənənəvi raket mühərrikləri və buraxılış meydançalarını əvəz edərək, elektrik enerjisi ilə yüklərin kosmosa daşınmasını təmin etməkdir.


Referans Media xəbər verir ki, konsepsiyaya görə, sistem planet səthi ilə kosmosdakı xüsusi nöqtə arasında qurulacaq yüksək möhkəmliyə malik nəhəng kabel xəttindən ibarət olacaq. Xüsusi kapsullar isə yanacaq sərf etmədən elektromaqnit mexanizmləri vasitəsilə həmin kabel boyunca hərəkət edərək orbitə yüksələcək. Layihənin qarşısındakı ən böyük maneə isə istifadə olunacaq materialın dözümlülüyüdür.

 

Mühəndislər cazibə qüvvəsi və kosmik şəraitin yaratdığı böyük yüklərə davam gətirə biləcək nanomateriallar və qabaqcıl kompozitlər üzərində sınaqlar aparırlar. İlk dəfə 2012-ci ildə ciddi şəkildə müzakirəyə çıxarılan layihənin ilkin xərcinin təxminən 100 milyard dollar olacağı bildirilmişdi.

 

Tikintinin ilk mərhələlərinin 2050-ci ilə qədər tamamlanması planlaşdırılsa da, dəqiq vaxt qrafiki hələ tam müəyyən edilməyib. Sistem reallaşarsa, kosmik stansiyaların təminatı və orbitə yük daşınması daha ucuz və təhlükəsiz hala gələcək. Çoxsaylı raket buraxılışlarına ehtiyacı azaldacaq bu texnologiyanın gələcəkdə qlobal kosmik infrastrukturun əsas elementlərindən birinə çevriləcəyi gözlənilir./Sfera.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki