Seçkilər yaxınlaşdıqca Rusiyanın Ermənistana qarşı təhdidləri də artır. Növbəti xəbərdarlıq mesajı Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovdan gəlib.
O, iddia edib ki, Ermənistan Avropa İttifaqına daxil olarsa, ÜDM-in təxminən 23 faizini itirə bilər. Onun dediyinə görə, bu addım Ermənistanda əmək bazarının kütləvi şəkildə daralması və inflyasiyanın artması və nəticədə həyat səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olacaq, daxili istehlakı 20 faizdən çox azaldacaq.
Rusiya rəsmisi həmçinin, İrəvanın Aİ-yə üzvlüyü halında ixrac məhdudiyyətlərinin bərpası, məhsul və xidmətlərə vahid tələblərin dayandırılması, tam gömrük nəzarətinin qaytarılması, Ermənistandan gələn miqrantlar üçün güzəştli rejimin ləğvi və yükdaşımalarda standart tariflərin tətbiqi ilə bağlı xəbərdarlıqlarını da səsləndirib:
“Ən mühafizəkar hesablamalara görə, ÜDM 15,1%, daxili istehlak 14,1%, sənaye istehsalı isə 26,3% azalacaq”.
Beləliklə görünən odur ki, Rusiya Ermənistan iqtisadiyyatını çökdürməklə təhdid edir.
Bu təhdidlər nəyə hesablanıb?
Referans Media xəbər verir ki,mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında ReAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, Rusiya rəsmisi tərəfindən səslənən bu təhdidlər sadəcə olaraq, seçkiöncəsi Ermənistan cəmiyyətinə təsir etmək məqsədi daşıyır:
“Ermənistanın Avropa Birliyinə üzv olması mümkündür. Düzdür, bu uzun bir prosesdir. Bəlkə də on illiklər çəkər. Həmçinin, Ermənistan AB-yə Cənubi Qafqazda ayrılıqda lazım da deyil. Rəsmi İrəvan sadəcə Rusiyadan incikliyini büruzə vermək üçün avrointeqrasiya yolunu tutmaqla oradan müəyyən yardımlar qoparmağa çalışır.
Əslində Ermənistan Rusiyadan da yardımlar alır. Təbii qazı, elektrik enerjisini Rusiyadan ucuz qiymətə alır. Yəni çalışır hər iki tərəfdən nəsə qoparsın. İndilikdə hədəfdə olan Ermənistandakı seçkilərdir”.
Partiya sədri qeyd edib ki, Rusiya Paşinyanı şantaj etməklə onun daim təzyiq altında qalmasına çalışır:
“Putin də anlayır ki, gələcəkdə Paşinyanın rəqibi olacaqsa, bu daha çox avropapərəst və qərbpərəst birisi olacaq. Hansı ki, bu da Moskvanın maraqlarına uyğun deyil. Rusiyanın irəli atdığı və ya dəstəklədiyi namizədlərin heç biri Ermənistan cəmiyyətində dəstək ala bilmir. Bunu, Karapetyan, Sarukyan, Koçaryan, Sarkisyana da aid etmək olar. Ona görə də Rusiya Paşinyanı şantaj etməklə təzyiq altında saxlayır. Belədə Paşinyan tərəfindən də daha sərt qərbpərəst mövqenin sərgilənməsinə əngəl olmaq istəyir”.























