Müharibədən peşman olub-olmadığı soruşuldu – Trampın cavabı gündəm oldu

ABŞ Prezidenti Donald Tramp İranla müharibəyə görə peşman olub-olmadığı barədə verilən suala açıq şəkildə cavab verib. "Fox News"ə müsahibəsində Tramp İranın nüvə və raket imkanlarına qarşı həyata keçirilən hərbi əməliyyatları müdafiə edib.

Referans Media xəbər verir ki, Trampdan müharibəyə başlamaq qərarından peşman olub-olmadığı soruşulub. ABŞ Prezidenti isə bu qərardan geri çəkilməyəcəyini bildirib.

“Peşmanlıq sözünə inanmıram. Yenidən bunu etmək məcburiyyətində qalsaydım, tamamilə eyni şəkildə hərəkət edərdim. Onların nüvə imkanlarını məhv etdim”, – deyə Tramp bildirib.

Müsahibə zamanı Trampa İranın ABŞ-ın zərbələrindən sonra necə raket hücumlarını davam etdirə bildiyi də soruşulub. Tramp İranın müharibədən əvvəl çox sayda raketə malik olduğunu, onların böyük hissəsinin məhv edildiyini, lakin müəyyən sayda raketin hələ də qaldığını söyləyib. “Çox sayda raketləri var idi və onların bir hissəsi qalıb. Raket istehsal etmək onlar üçün çətindir. Raketlərin əksəriyyəti məhv edilib, amma həmişə bir neçəsi qalacaq”, – ABŞ Prezidenti deyib.

Tramp bununla ABŞ-ın zərbələrinin İranın raket imkanlarına ciddi zərbə vurduğunu iddia edib, eyni zamanda Tehranın hələ də müəyyən raket ehtiyatına malik olduğunu etiraf edib. ABŞ Prezidenti açıqlamasında İranın nüvə imkanlarının məhv edildiyini də vurğulayıb və eyni vəziyyət yenidən yaranacağı təqdirdə eyni qərarı təkrar verəcəyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki