Somali lideri əmr VERDİ: Türkiyənin təlim keçdiyi komandolar hərəkətə keçir

Somali Prezidenti Həsən Şeyx Mahmud Türkiyənin təlim keçdiyi “Gorgor” komandolarının 21-ci briqadasına baş çəkib. Dövlət başçısı hərbçilərə “Əş-Şəbab” terror təşkilatına qarşı mübarizəni qətiyyətlə davam etdirmək və ölkənin terrorçulardan təmizlənməsi istiqamətində fəaliyyət göstərmək tapşırığı verib.

Referans Media xəbər verir ki, Somali Prezidenti Həsən Şeyx Mahmud ölkə ordusunun elit bölmələrindən olan və Türkiyə tərəfindən təlim keçilən “Gorgor” komandolarının 21-ci briqadasını ziyarət edib. İrəliləmiş hazırlıq mərhələsini yeni başa vuran hərbçilərlə görüşən Mahmud bölmənin fəaliyyəti barədə komandirlərdən məlumat alıb. O, qərargahda inzibati bölmələri, hərbçilərin yaşayış sahələrini, xəstəxananı və logistika mərkəzini də nəzərdən keçirib.

Somali Prezidenti “Gorgor” komandolarının ölkənin müdafiəsində və “Əş-Şəbab”a qarşı əməliyyatlarda mühüm rol oynadığını vurğulayıb. Mahmud hərbçilərə konstitusion vəzifələrini yerinə yetirməyə hər an hazır olmaları barədə göstəriş verib. “Somali xalqının terrorçulardan təmizlənmiş ölkə hədəfinə çatması üçün fəaliyyətinizi qətiyyətlə davam etdirin”, – deyə o bildirib.

Somali ordusunun yenidən qurulmasında beynəlxalq dəstəyin əhəmiyyətinə toxunan prezident Türkiyənin rolunu xüsusi qeyd edib. O, ordunun yenidən qurulması, hərbçilərin hazırlanması və imkanlarının artırılmasına göstərdiyi davamlı dəstəyə görə Türkiyə hökumətinə və türk xalqına təşəkkür edib. Mahmud xüsusilə “Gorgor” kimi xüsusi hazırlıqlı hərbi birliklərin yaradılması və inkişafında Türkiyənin mühüm töhfələr verdiyini bildirib.

Somali Milli Ordusunun seçilmiş bölmələrindən olan “Gorgor” komandoları Türkiyə Silahlı Qüvvələri tərəfindən Mogadişudakı TÜRKSOM Hərbi Təlim Bazasının nəzdində hazırlanır. Hərbçilərə əsas və yüksək səviyyəli hərbi hazırlıqla yanaşı, terrorla mübarizə, yaşayış məntəqələrində əməliyyatların aparılması, atəş hazırlığı, ilk yardım və liderlik üzrə təlimlər keçirilir. Türkiyə polisi isə Somali Polis Təşkilatının xüsusi əməliyyat bölməsi olan “Haramcad”ın əməkdaşlarına da təlim dəstəyi verir. Bu bölmələr əsasən terrorla mübarizə və ictimai asayişin təmin olunması istiqamətində mühüm təhlükəsizlik əməliyyatlarında iştirak edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki