Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib.
Referans Media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Araşdırma zamanı müəyyən olunub ki, sürücü qanunsuz hərəkətləri narkotik vasitənin təsiri altında, kirayəyə götürdüyü avtomobillə törədib. Onun təhlükəli manevrlərlə həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atdığı bildirilib.
Məlumata görə, avtomobildə olan sərnişinlər sürücünü bu hərəkətlərdən çəkindirmək əvəzinə, baş verənləri mobil telefonla lentə alaraq onu daha da həvəsləndiriblər.
Toplanmış materiallar məhkəməyə təqdim olunub. Məhkəmənin qərarı ilə Elgün Əhmədov bir il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilib və bir ay müddətinə inzibati həbs cəzası alıb.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirib ki, yol hərəkəti qaydalarına riayət etmək yalnız qanuni öhdəlik deyil, həm də insan həyatına və təhlükəsizliyinə hörmətin göstəricisidir.
