Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda Təbrizdəki Baş Konsulluğunun əməkdaşlarının təxliyəsi baş tutub.
Analitiklərin fikrincə, rəsmi Bakı bu addımı əməkdaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə atıb. Lakin qərarın əsas səbəbi regionda yaranmış ümumi gərginlikdən daha çox, İranın birbaşa Azərbaycan ərazisini hədəf almasıdır.
Referans Media xəbər verir ki, globalinfo.az-a danışan politoloq Zeynal Əmirəliyev bildirib ki, Azərbaycan dövlət siyasətinin mərkəzində vətəndaşlarının təhlükəsizliyi dayanır:
“Dövlətimiz həm ictimai asayişin qorunmasını, həm də diplomatik korpus nümayəndələrinin təhlükəli situasiyalarda ölkəyə gətirilməsini təmin etməsinin dəfələrlə şahidi olmuşuq.
İranda da analoji hadisələrin baş verməsi, həmçinin ölkə daxilində anti-Azərbaycan ritorikasının yenidən yüksəlməsi rəsmi Bakını belə qərar verməyə vadar edib. Naxçıvana dron hücumundan sonra Azərbaycan İrandan hər şeyi gözləyir. Nəzərə alaq ki, bu hadisələr baş verməzdən əvvəl, yəni regionda sabitliyin hökm sürdüyü dövrdə belə Tehranda yerləşən səfirliyimizə qarşı terror aktı törədilmişdi.
Fikrimcə, təhlükəsizliklə bağlı belə bir addımın atılması zəruri idi. Qeyd edim ki, digər ölkələrin də səfirlik və konsulluq əməkdaşları Azərbaycana təxliyə edilir. Deməli, burada müəyyən ortaq yanaşma mövcuddur”.























