İran neftinin ixracına dəniz blokadası tətbiq olunarsa, bu addım dünya iqtisadiyyatına ciddi və çoxşaxəli təsir göstərə bilər. İran qlobal neft bazarında mühüm paya malikdir və onun ixracının məhdudlaşdırılması təklif tərəfdən boşluq yaradaraq bazarlarda gərginliyi artıra bilər.
Referans Media-ya açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, belə bir ssenari ilk növbədə neft qiymətlərinin kəskin bahalaşmasına səbəb ola bilər. Onun sözlərinə görə, bazarlar geosiyasi risklərə son dərəcə həssasdır və hətta blokada tam qüvvəyə minməmiş belə qiymətlərdə artım müşahidə oluna bilər. Bu isə yanacaq, nəqliyyat, istehsal və ərzaq qiymətlərinə zəncirvari təsir göstərərək qlobal inflyasiyanı gücləndirər.
İqtisadçı qeyd edib ki, enerji idxalından asılı olan Avropa və Asiya ölkələri bu vəziyyətdən daha çox zərər görə bilər. İstehsal xərclərinin artması iqtisadi artımı zəiflədə, bir sıra ölkələrdə isə resessiya riskini yüksəldə bilər. İnkişaf etməkdə olan ölkələr üçün isə həm valyuta təzyiqlərinin artması, həm də sosial xərclərin yüksəlməsi vəziyyəti daha da ağırlaşdıra bilər.
Akif Nəsirlinin sözlərinə görə, neft ixrac edən ölkələr qısa müddətdə yüksək qiymətlərdən müəyyən gəlir əldə edə bilərlər. O cümlədən Azərbaycan kimi enerji ixracatçıları bundan müvəqqəti faydalana bilər. Lakin qlobal iqtisadi zəifləmə uzunmüddətli perspektivdə bu ölkələr üçün də risklər yaradır, çünki dünya iqtisadiyyatı yavaşladıqca neftə tələbat azalır.
İqtisadçı vurğulayıb ki, əgər İran cavab olaraq Hörmüz boğazını bağlamağa cəhd edərsə, vəziyyət daha da ağırlaşa bilər. Dünya üzrə daşınan neftin təxminən beşdə birinin bu boğazdan keçdiyini xatırladan Nəsirli qeyd edib ki, onun bağlanması və ya təhlükə altına düşməsi bazarlarda panika yarada, neft qiymətlərini çox qısa müddətdə rekord səviyyələrə çatdıra və qlobal inflyasiyanı daha da sürətləndirə bilər.
Qeyd olunub ki, Hörmüz boğazı ətrafında gərginlik dəniz daşımalarının bahalaşmasına, sığorta xərclərinin artmasına və tədarük zəncirlərində ciddi pozuntulara səbəb ola bilər. Bu isə beynəlxalq ticarətdə gecikmələr yaradaraq xüsusilə enerji idxalından asılı ölkələr üçün ciddi iqtisadi problemlər doğura bilər.
Yekunda iqtisadçı bildirib ki, İran neftinə dəniz blokadası və mümkün Hörmüz boğazı riski təkcə regional deyil, qlobal miqyasda iqtisadi qeyri-sabitliyi dərinləşdirən, inflyasiyanı artıran və iqtisadi artımı zəiflədən ən təhlükəli ssenarilərdən biri kimi qiymətləndirilir.
Gülnaz Abdullazadə.
