Qazla bağlı təklif: “Bu rayonlarda limit artırılmalıdır"

Azərbaycanda aqrar bölgələrdə kommunal tariflərin azaldılması və enerji istehlakı limitləri müəyyənləşdirilərkən iqlim fərqlərinin nəzərə alınması təklif edilib.

Referans Media  xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin plenar iclasında “Aqrar sahə haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.


Deputat qeyd edib ki, yeni qanun layihəsi kəndə dönüşü təmin etməlidir:

“Ölkədə 4 244 kənd var. Bölgələrdə əhali azaldıqca məktəblərdə şagird və müəllim sayı aşağı düşür, tibb məntəqələrinin saxlanılması zərurəti azalır, poçt və bank xidmətləri isə “qeyri-rentabelli” sayılır. Dövlət xidmətlərinin yoxluğu kəndlərin boşalmasına, daxili miqrasiyaya, paytaxtda əmək və mənzil bazarına tələbatın artmasına səbəb olur”.

Qazla bağlı təklif: “Bu rayonlarda limit artırılmalıdır"

Komitə sədri Azərbaycanın müxtəlif bölgələrində iqlim şəraitinin fərqləndiyini vurğulayıb:

“Bakı və Abşeronda orta illik temperaturla yüksək dağ və sərhəd rayonlarında qış mövsümü eyni uzunluqda və sərtlikdə davam etmir. Qusar, Quba, Gədəbəy, Daşkəsən, Lerik, Yardımlı, Şahbuz, Kəlbəcərdə yeddi-səkkiz aya qədər istiliyə ehtiyacı olan ailə ilə mülayim iqlimdə yaşayan ev təsərrüfatlarının enerji tələbatını eyni limitlə ölçmək sosial bərabərsizlik yaradır”.

Deputat bildirib ki, hazırkı qaz tariflərində illik istehlakın ilk 1200 kubmetri üçün hər kubmetrə 12,5 qəpik, 1200–2500 kubmetr hissəsi üçün 22 qəpik, 2500 kubmetrdən yuxarı hissəsi üçün isə 30 qəpik tətbiq olunur.

O, elektrik enerjisi tariflərinin də iqlim fərqlərinə baxmayaraq ölkə üzrə eyni olduğunu qeyd edib:

“Ona görə də aqrar bölgələrdə kommunal tarifləri azaltmağı təklif edirik”./Sfera.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki