Rusiya Təhlükəsizlik Şurası İrəvanın Avropa kursunun ağır iqtisadi nəticələr doğuracağını iddia edir.
Referans Media xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Ermənistanın Avropa İttifaqına qoşulacağı təqdirdə ciddi iqtisadi itkilərlə üzləşəcəyini bildirib.
Onun sözlərinə görə, ən ehtiyatlı hesablamalara əsasən, Ermənistan üçün Aİ-yə inteqrasiyanın dəyəri təxminən ÜDM-in 23 faizi həcmində ola bilər.
Şevtsov iddia edib ki, bu proses əmək bazarında kəskin daralma yaradacaq, məşğulluq səviyyəsi 10,5 faiz bəndi azalacaq.
Rusiya rəsmisi əlavə edib ki, inflyasiya 22,6 faiz bəndi artaraq əhalinin yaşayış səviyyəsinə mənfi təsir göstərəcək.
Onun sözlərinə görə, daxili istehlak indiki səviyyədən 20 faizdən çox aşağı düşə bilər.
Şevtsov həmçinin enerji daşıyıcılarının, o cümlədən təbii qazın qiymətinin artacağını bildirib.
Qeyd edək ki, Moskva son dövrlər Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma siyasətini mütəmadi tənqid edir və bunun iqtisadi nəticələri barədə xəbərdarlıqlar səsləndirir.























