Xəbər verildiyi kimi, Mətbuat Şurasının sədri Rəşad Məcid kiber dələduzluq cəhdi ilə üzləşdiyini açıqlayıb. O, sosial şəbəkədəki paylaşımında bildirib ki, dələduzlar bu dəfə kifayət qədər inandırıcı üsuldan istifadə ediblər. Belə ki, əvvəlcə ona nazir müavini olduğunu düşündüyü şəxsin adından mesaj gəlib.
“Salam, Rəşad müəllim, necəsiz?” – mesaj belə başlayıb. Qurum sədri yazışma zamanı zəng etməyi təklif edib. Qarşı tərəf isə tədbirdə olduğunu və danışa bilmədiyini bildirib. Daha sonra ona “kapitan Əzizov Əkbər Rafiq oğlu”nun zəng edəcəyi və onunla görüşməyin lazım olduğu deyilib.
Bir qədər sonra Rəşad Məcidə “Akbar Azizov” adı ilə normal telefon nömrəsindən zəng gəlib. Rus dilində danışan şəxs ondan əvvəl adı çəkilən şəxsin onunla danışıb-danışmadığını soruşub və görüşmək lazım olduğunu bildirib. Rəşad Məcid tədbirdə olduğunu, saat 16:00-da işinin bitəcəyini deyib. Həmin vaxt zəng etsə də, qarşı tərəf cavab verməyib. Daha sonra özü zəng edərək həmin gün məşğul olduğunu və sabah əlaqə saxlayacağını deyib.
Mətbuat Şurasının sədri qeyd edib ki, hadisə zamanı müəyyən şübhəli məqamlar olsa da, istifadə edilən telefon nömrələrinin və təqdim olunan məlumatların inandırıcılığı üstün gəlib. “Axşam bir tədbirdə millət vəkilləri ilə görüşürəm. Söz düşür, sən demə, onlara da parlament rəhbərliyinin adından, rəhbər şəxslərin səsinə bənzədilən səslə zənglər gəlir və s.”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, bu hadisə süni intellektin inkişafı fonunda dələduzluq üsullarının necə dəyişə biləcəyini bir daha göstərir. Rəşad Məcid bildirib ki, hazırda “kapitan Əzizov Əkbər Rafiq oğlu”nun yenidən nə vaxt zəng edəcəyini gözləyir.
“Kiberdələduzlar tərəfindən müxtəlif dövlət qurumlarının adından vətəndaşlara zəng edilərək, bank hesablarında olan pul vəsaitlərinin təhlükəsizliyi bəhanəsi ilə onların digər hesablara köçürülməsi barədə saxta məlumatlar verilir”.
Bu barədə isə bir müddət əvvəl Daxili İşlər Nazirliyinin (DİN) əhaliyə çağırışında bildirilib. “Vətəndaşları müxtəlif xarici ölkələrdən dövlət qurumlarının adından edilən zəng və göndərilən mesajlara qarşı diqqətli olmağa, şəxsi və bank məlumatlarını qarşı tərəfə təqdim etməməyə, mobil telefonlarına göndərilən təsdiq kodlarını paylaşmamağa, tanımadıqları keçidlərə daxil olmamağa, eləcə də bu cür müraciətlər əsasında hər hansı ödəniş və ya maliyyə əməliyyatı həyata keçirməməyə çağırırıq”.
Göründüyü kimi, məmurların, rütbəli şəxslərin, qurumların adından istifadə halları var. Bu tələyə düşməmək üçün maarifləndirmədən əlavə, hansı işlər görülməlidir?
Referans Media xeber verir ki, İnformasiya Texnologiyaları üzrə ekspert Fərhad Mirəliyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Burada qeyd etdiyimiz şəxslər içərisində ictimai fiqurlar da, cəmiyyətdə tanınmayan sadə vətəndaşlar da ola bilər. Məsələ həmin şəxslərin kontaktlarının necə əldə olunmasıdır. Dələduzlar sosial şəbəkələr vasitəsilə araşdırma apara və ya fərdi məlumatların olduğu hansısa təşkilatın bazasından məlumatları sızdıra bilərlər.
İlk növbədə bu məsələ araşdırılmalıdır. Bəzən hansısa şirkətdən zəng gəlir və nömrənin haradan əldə olunması sual doğurur. Məsələn, operator dəyişikliyi ilə bağlı zəng edəndə nömrənin haradan alındığını soruşduqda cavab verilmir. Qara bazarda fərdi məlumatlar bazasının qanunsuz dövriyyəsi məsələsini hüquq-mühafizə orqanları mütləq araşdırmalıdır.
İctimaiyyətə açıq olan, nömrələri əlçatan şəxslərə gəldikdə isə, qarşı tərəf ciddi və ya taleyüklü məsələ qaldırdıqda onun həqiqiliyini yoxlamaq lazımdır. Zəngin, səsin və ya videonun "deepfake" texnologiyası ilə hazırlanmadığını müəyyən etmək üçün səsin keyfiyyətinə və nitq fərqlərinə diqqət yetirilməlidir. Süni intellekt inkişaf etsə də, yaradılan səslərdə qeyri-təbii pauzalar, robota xas ton, monotonluq və ya arxa fonda qəribə küy hiss oluna bilər”.
Ekspert qeyd edib ki, süni intellekt olmadığını yoxlamaq üçün yerli dialektlərdən, nadir jarqonlardan və ya mürəkkəb söz birləşmələrindən istifadə etmək olar: “Süni intellektin bazasında bu cür gözlənilməz ifadələrə dərhal adekvat cavab vermək çətinlik yaradır. Həmçinin neyron şəbəkələri vasitəsilə insanı təşvişə salıb təcili qərar verməyə, məsələn, karta pul köçürməyə məcbur etməyə çalışırlar.
Təşvişə düşmədən soyuqqanlı olmaq lazımdır. Əvvəlki hallarda da yaxın qohumların başına bədbəxt hadisə gəlməsi adı ilə insanları təşvişə salıb pul tələb edirdilər. Şübhəli vəziyyətdə dərhal telefonu söndürüb həmin şəxsə geri zəng edərək qarşı tərəfin süni intellekt, yoxsa real insan olduğunu yoxlamaq mümkündür”.
Fərhad Mirəliyev əlavə edib ki, bundan başqa, zəngləri identifikasiya edən və dələduzluq şübhəsi olan nömrələri bloklayan proqram təminatlarından faydalanmaq olar: “Android sistemində də zəngin haradan gəldiyini göstərən və istifadəçi rəyləri əsasında baza formalaşdıran funksiyalar var ki, bu da sonradan digər şəxsləri xəbərdar etməyə imkan verir”.
