“Müxalifətdəki "Güclü Ermənistan" fraksiyası Tiqranaşendə (Kərki – red) kəndə yeni həyat verəcək turizm mərkəzi yaratmağı planlaşdırır”.
Referans Media Musavat.com-a istinadən xəbər verir ki, bunu müxalifət fraksiyasının deputatı Anuş Mirzoyan açıqlayıb.
O, qeyd edib ki, kəndin potensialına inanırlar və bu inkişafa çevirməyə hazırdırlar. Onun sözlərinə görə, bir neçə gün əvvəl Kərkiyə səfər ediblər. “Şurnuxda, Sünikdə baş verənlər gözlərim önündə canlandı. Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın hakimiyyəti dövründə Şurnuxun yarısı azərbaycanlı oldu. Ondan çox evdə Azərbaycan bayraqları qaldırılıb. Biz kəndin yuxarı hissəsindəyik və aşağıda üzərində Azərbaycan hərfləri ilə “Şurnux” adı yazılmış Azərbaycan lövhəsi var. Şurnux sakinlərinin evlərini vaxtından əvvəl necə tərk etdiyini xatırlayıram. “Müharibə başlamasın deyə, verin” deyildi. Bu, Şurnux kənd sakini Xaçikin sözlərindən birbaşa sitatdır”, - deyə deputat qeyd edib.
Qeyd edək ki, "Güclü Ermənistan"ın sədri Rusiya vətəndaşı olmuş oliqarx Samvel Karapetyandır. Karapetyanın Naxçıvanın anklav kəndi olan Kərkidə turizmə yatırım etmək niyyəti son müzakirələr fonunda aktuallaşıb. Çünki hökumət başçısı Paşinyan Kərkinin Ermənistana aid olmadığını vurğulayıb.
“Kərki də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29.743 kvadrat km ərazisinə daxil olmayıb”. Ermənistan mediasının xəbərinə görə, bu barədə baş nazir Nikol Paşinyan brifinqdə bildirib. Paşinyan müxalifətin Kərki kəndinin “təhvil verilməsinin yolverilməzliyi” ilə bağlı açıqlamalarını şərh edərək, bu məsələ ilə bağlı daha əvvəl səsləndirdiyi fikirləri təkrarlayıb.
Onun sözlərinə görə, “biz buna icazə verməyəcəyik” deyənlər müharibəni qızışdırırlar. Baş nazir faktı qeydə almağın bir, onu yerində həll etməyin isə başqa bir məsələ olduğunu bildirib.
“Hazırda heç bir razılaşma yoxdur. Mənim əsas vəzifəm gərginliyi azaltmaqdır ki, normal həll yollarına nail olunsun. Amma kimsə Kərkinin Ermənistanda olduğunu deyirsə, bu, ərazinin 29.743 kvadrat km deyil, məsələn, 29.750 kvadrat km olduğunu deməkdir və bu, müharibə elan etmək deməkdir”,-Paşinyan vurğulayıb.
Ermənistanla Azərbaycan sərhədləri 1921-ci ildə Cənubi Qafqaz ölkələri, Rusiya və Türkiyə arasında bağlanmış Qars müqaviləsi ilə müəyyənləşdirilib. Qars müqaviləsində isə Kərki kəndi Azərbaycanın protektoratlığı altına keçən Naxçıvan vilayətinin ərazisi kimi göstərilib.
Müqavilədə Naxçıvanın inzibati əraziləri bu şəkildə təqdim olunur: Naxçıvanın ərazisi Urmiya kəndi – oradan düz xətlə Arazdəyən stansiyasına (onu Ermənistan Sosialist Sovet Respublikasına saxlamaqla) – sonra düz xətlə 3142 qərbində Daşburun dağına – Daşburun dağının şərq ayırıcı xətti (4108) – Cəhənnəm dərəsi çayından "bulaq" yazısının cənubu – Bağarsıq dağının gədik xətti ilə (6607 və ya 6587) və oradan əvvəlki İrəvan dairəsinin və Şərur-Dərələyəz qəzasının inzibati sərhədi ilə gedir – 6629 yüksəkliyi – Kömürlü dağı (6839 və ya 6930) – oradan 3080 yüksəkliyi – Sayat dağı (7868 – Qurdqulaq kəndi) Qamesur dağı (8160) – 8022 yüksəkliyi – Kükü dağ (10282) və əvvəlki Naxçıvan dairəsinin inzibati sərhədinin şərqindən keçir.
Kərki kəndi isə hazırkı Sədərək rayonundan 10 km aralıdadır. Əslində, Qars müqaviləsində Kərki anklav kimi yox, Şərura bitişik ərazi kimi göstərilib. Onun indi anklav vəziyyətə salınması da məhz erməni fitnəsi sayəsində baş verib. Tarixi sənədlər sübut edir ki, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli qərarı ilə Kərki kəndinin ətrafında yerləşən 900 hektardan artıq ərazi Ermənistana verilib. Nəticədə kənd Azərbaycanın bir neçə eksklavından biri olub. Həmin ərazilərin Ermənistana verilməsi haqqında protokolu isə o zaman Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsində işləyən iki erməniəsilli şəxs – Qadakçiyan və İsaakyan imzalayıb.
