Türkiyənin müdafiə sənayesinin flaqman şirkətlərindən olan HAVELSAN-ın “komandanlıq və idarəetmə” sahəsində ən mühüm proqram həllərindən biri hesab olunan Hərbi Hava Qüvvələrinin İnformasiya Sistemi (“HvBS”) çərçivəsində hazırlanan kritik imkanların bir hissəsi Azərbaycan Hərbi Hava Qüvvələri Komandanlığının envanterinə daxil edilib. “Anadolu” agentliyinin yaydığı məlumata görө, Türk Hərbi Hava Qüvvələrinin əməliyyat ehtiyaclarına uyğun olaraq inkişaf etdirilən bu qabaqcıl sistem hava əməliyyatlarının planlaşdırılması, icrası, monitorinqi və qiymətləndirilməsi proseslərini tam rəqəmsal mühitdə və vahid mərkəzdən idarə etməyə imkan verən mükəmməl komandanlıq-idarəetmə infrastrukturu təqdim edir. Azərbaycan Hərbi Hava Qüvvələrinin istismarına verilən bu yenilik əməliyyat mərkəzlərində çalışan heyətə vahid əməliyyat mənzərəsi əsasında hərəkət etməyə, tapşırıqları real vaxt rejimində tənzimləməyə və qəbuletmə mexanizmlərini maksimum dərəcədə sürətləndirməyə şərait yaradır. Dünyanın ən əhatəli hərbi hava sistemlərindən biri olan “HvBS” əməliyyata hazırlıq müddətini saatlardan dəqiqələrə endirərək hava qüvvələrimizin döyüş meydanındakı manevr imkanlarını və taktiki üstünlüyünü misilsiz dərəcədə artırır.
Referans Media xəbər verir ki, məsələ ilə bağlı nocommentaz-a danışan hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, qardaş Türkiyənin ən müasir hərbi-texnoloji həllərindən biri olan “HvBS” sisteminin Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilməsi ordumuzun rəqəmsal transformasiyası və NATO standartlarına uyqunlaşdırılması istiqamətində atılmış tarixi və strateji addımlardandır: “Bu sistem sadəcə proqram təminatı deyil, hərbi aviasiyamızın beyin mərkəzini təşkil edən, qərar qəbuletmə mexanizmini anlıq rejimə gətirən və bütün idarəetmə zəncirini vahid şəbəkədə birləşdirən yüksək texnologiyalı kompleksdir; onun tətbiqi nəticəsində hərbi hava qüvvələrimizin döyüş hazırlığı və əməliyyat imkanları keyfiyyətcə tamamilə yeni mərhələyə yüksəlir”.
