Kolumbiyanın Medellin şəhərində 21 yaşlı qadın amerikalı turisti huşunu itirən maddə ilə təsirsiz hala salaraq qarət etməkdə şübhəli bilinir.
Referans Media xəbər verir ki, hadisə şəhərin Laureles bölgəsində yerləşən otellərdən birində baş verib. ABŞ vətəndaşı olan turist polisə ifadəsində otaqda baş verənləri xatırlamadığını və qiymətli əşyalarının yoxa çıxdığını bildirib.
Oteldən çıxmağa çalışan qadının hərəkətlərindən şübhələnən mühafizəçilər polisə məlumat veriblər. Onun üzərində aparılan axtarış zamanı turistə məxsus olduğu ehtimal edilən qızıl boyunbağı və iki qol saatı aşkarlanıb. Əşyaların ümumi dəyərinin təxminən 5 milyon Kolumbiya pesosu olduğu bildirilir.
Araşdırma zamanı 21 yaşlı qadının başqa şəxsə məxsus şəxsiyyət vəsiqəsindən istifadə etdiyi də üzə çıxıb. O, oğurluq və başqasının kimliyindən istifadə etməkdə şübhəli bilinərək prokurorluğa göndərilib.
Məlumata görə, Medellində 2026-cı ilin yanvar-iyul aylarında insanları müxtəlif maddələrlə huşsuz vəziyyətə salaraq qarət etməklə bağlı 537 müraciət qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 85,8 faiz çoxdur. Hadisələrin 49-u otel və digər yerləşmə müəssisələrində baş verib.
