Türkiyənin aparıcı müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Özgür Özəl bildirib ki, Əkrəm İmamoğlu həbsdə olduğu dövrdə partiya daxilində və rəhbərlik səviyyəsində diqqətçəkən siyasi danışıqlar olub.
Referans Media “Haberler.com”-a istinadən xəbər verir ki, sabiq sədrin sözlərinə görə, Kamal Kılıçdaroğlu İmamoğlunu həbsxanada ziyarət edib və həmin görüşlər zamanı İmamoğluna partiya sədri olması ilə bağlı təklif irəli sürülüb.
Özel iddia edir ki, bu prosesdə “Özgür Özelin kənarlaşdırılması və Kılıçdaroğlu ilə İmamoğlu arasında ittifaq qurulması” kimi fikirlər səsləndirilib.
Özel əlavə edib ki, İmamoğlunun həbs olunduğu dövrdə onun barəsində müxtəlif ittihamlar irəli sürülsə də, sonradan bu iddiaların bir hissəsinin əsaslı olmadığı ortaya çıxıb.
O, həmin dövrdə yayılan məlumatların siyasi məqsəd daşıdığını iddia edib.
CHP lideri partiya daxilindəki idarəetmə və qərarvermə proseslərinə də toxunaraq bildirib ki, təşkilatın əsas gücü üzvlər və yerli strukturlardır.
Onun fikrincə, partiyanın dayanıqlılığı məhz bu strukturdan gəlir. Özel həmçinin haqqında yayılan bəzi iddiaları rədd edib və bunları “siyasi təzyiq və qaralama kampaniyası” kimi qiymətləndirib. O, bu cür iddialara qarşı sərt mövqe nümayiş etdirdiyini də bildirib.
Ümumilikdə Özel partiya daxilində baş verənləri CHP-nin gələcək siyasi xətti və daxili balansı baxımından mühüm proses kimi dəyərləndirib və təşkilatın zəiflədilməsinə imkan verməyəcəklərini vurğulayıb.
