Ermənistan hökuməti Rusiyaya xoş gələcək mövqe nümayiş etdirməyə başlayıb. Xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, hökumətin məqsədi Rusiyanı Ermənistandan çıxarmaq, onunla siyasi, iqtisadi və digər əlaqələri kəsmək deyil, belə bir siyasət aparılmır.
O əmin edib ki, Şirak vilayətində yerləşən 102-ci Rusiya hərbi bazasının çıxarılması məsələsi Ermənistan hakimiyyətinin gündəmində deyil.
Mirzoyanın bu açıqlamaları Ermənistan hakimiyyətinin Rusiyadan qorxusunun artması ilə bağlıdırmı? Yoxsa seçkilərə 5 ay qalmış Rusiyanın mövqeyini yumşaltmağa hesablanmış fikirlərdir?
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, Ararat Mirzoyanın bu bəyanatı ilk növbədə 2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək seçkilərlə bağlıdır:
“Paşinyanın əsas rəqibləri arxasında Rusiyanın dayandığı qüvvələrdir. Rusiya onların hamısını birləşdirib vahid blok halında seçkiyə getmələrini istəyir və bu prosesə erməni kilsəsini də qoşaraq nəyin bahasına olur-olsun, öz namizədinin qalib gəlməsinə çalışır. Bu reallığı Ermənistan hakimiyyəti nəzərə almaq məcburiyyətindədir. Ancaq burada başqa bir məsələ də var. Çox təəssüf ki, Tramp hakimiyyətə gəldikdən sonra Rusiyanın beynəlxalq miqyasda nüfuzu və gücü xeyli artdı. Tramp bir tərəfdən Rusiyanın mövqeyini müdafiə etməyə başladı, digər tərəfdən NATO-nu zəiflətmək üçün Avropa ilə – ən yaxın müttəfiqləriylə münasibətləri soyutmaq üçün də əlindən gələni etdi.
Reallıq bundan ibarətdir ki, artıq NATO əvvəlki gücündə deyil, hətta ABŞ-nin NATO-dan çıxma ehtimalı da müzakirə olunur. Digər tərəfdən, Rusiya həm Ukrayna cəbhəsində irəliləyir, həm də beynəlxalq miqyasda mövqeyini artırıb. Rusiya ilə əməkdaşlıq etməyə, Rusiyanın yanında olmağa ehtiyat edən dövlətlər artıq daha cəsarətlə ona kömək göstərməyə çalışırlar. Məsələn, Çin də artıq Rusiyaya kifayət qədər açıq yardım göstərməkdən çəkinmir. Çox təəssüf, hamı anlayır ki, Rusiya ümid edildiyi kimi Ukrayna müharibəsindən çökmüş çıxmadı, əksinə, mövqelərini artıraraq çıxmaqdadır. ABŞ Putinin NATO-nun genişlənməməsi ilə bağlı istəklərinə açıq dəstək verir. Bütün bunlar Ermənistan hakimiyyətini düşünməyə məcbur edir”.
Siyasi ekspertin fikrincə, Paşinyan hökuməti görür ki, ABŞ-yə ümid edib seçkiöncəsi Rusiyaya qarşı getmək ona fayda verməyəcək:
“İrəvan anlayır ki, Ukrayna müharibəsi başa çatandan sonra Rusiyanın hədəfində Avropadan əvvəl keçmiş sovetlər ittifaqına daxil olan respublikalar, ilk növbədə Ermənistan olacaq. Ona görə də indidən Rusiyanı razı salan mövqe nümayiş etdirmək məcburiyyətindədir. Trampın Rusiyanı faktiki dəstəkləməsi belə bir vəziyyətə gətirib çıxarıb”.























