Ankara Valiliyi paytaxt sakinlərinə xəbərdarlıq edib. Bildirilib ki, 8 may 2026-cı il tarixində saat 13:00–17:00 aralığında Ankara üzərində planlı test uçuşları həyata keçiriləcək.
Referans Media xəbər verir ki, Valiliyin məlumatına görə, uçuşlar NOTAM çərçivəsində müəyyən edilən marşrutlar üzrə icra olunacaq və təyyarələr eniş üçün Esenboğa Havalimanını istifadə edəcək.
Açıqlamada qeyd olunur ki, sınaq uçuşu zamanı bəzi təyyarələr səs sürətini aşacaq. Bu səbəbdən şəhər ərazisində yüksək səviyyəli səs eşidilə bilər.
Valilik vətəndaşlara müraciət edərək bildirib ki, yaranacaq səs-küy planlı uçuşlarla bağlıdır və hər hansı panika və ya təşvişə əsas yoxdur.
Rəsmi açıqlamada vurğulanıb ki, uçuşlar tam nəzarət altında həyata keçiriləcək və proses əvvəlcədən planlaşdırılıb.
