26 yaşlı qadın ölmək üçün müraciət etdi – Xəstəxananın qərarı şok yaratdı

Kolumbiyada 26 yaşlı Melisa Qaonanın tibbi evtanaziya müraciəti rədd edilib. Uşaqlıqdan şiddətli ağrılardan əziyyət çəkən qadına yalnız 20 ildən sonra ağır endometrioz diaqnozu qoyulub. Yeddi əməliyyat keçirməsinə baxmayaraq, ağrıları səngiməyən Melisanın müraciəti bütün müalicə imkanlarının sınanmadığı əsas gətirilərək qəbul edilməyib.

Referans Media xəbər verir ki, Melisa bildirib ki, məqsədi həyatına son qoymaq deyil, illərdir yaşadığı dözülməz ağrılardan xilas olmaqdır.

Melisanın sözlərinə görə, ağrıları hələ 5 yaşında başlayıb, 10 yaşında menstruasiya dövrü ilə birlikdə daha da şiddətlənib. O, dəfələrlə xəstəxanaya müraciət etsə də, həkimlər şikayətlərini ciddi qəbul etməyib, bəziləri isə ağrıları şişirtdiyini düşünüb. Gənc qadın illər ərzində çoxsaylı müayinələrdən keçib, müxtəlif dərmanlar qəbul edib və yeddi əməliyyat keçirib. Əvvəlcə şikayətləri appendisit, hormonal pozuntu, daha sonra isə xərçəng ehtimalı ilə əlaqələndirilib.

Nəhayət, müayinələr nəticəsində ona ağır dərəcəli endometrioz diaqnozu qoyulub. Bu xroniki xəstəlik zamanı uşaqlığın daxili qişasına bənzər toxuma uşaqlıqdan kənarda inkişaf edir və güclü ağrılara səbəb ola bilir.

Melisa uzun müddət davam edən ağrılar və müalicələrin nəticəsiz qalmasından sonra ötən il iyulun 31-də tibbi evtanaziya üçün müraciət edib. Lakin San-Xose Xəstəxanasının tibbi komissiyası bütün mümkün müalicə variantlarının hələ sınanmadığını əsas gətirərək müraciəti rədd edib. Qərarla razılaşmayan Melisa hüquq müdafiəçilərinin dəstəyi ilə məhkəməyə müraciət edib. “Ölmək istəmirəm. Sadəcə ağrı hiss etməyi dayandırmaq istəyirəm”, – deyə o bildirib.

Melisa daha sonra müalicə məqsədilə Hindistana gedib. Orada xəstə toxumaların çıxarılması, ağrının azaldılması üçün radiotezlik müalicəsi və sinir blokadası prosedurları tətbiq olunub. Bu müdaxilələr bəzi simptomları azaltsa da, ağrıları tam aradan qaldırmayıb. Hazırda o, əlavə əməliyyat üçün vəsait toplamağa çalışır. Gənc qadın eyni zamanda Kolumbiyada endometriozdan əziyyət çəkən digər qadınlara dəstək olmaq məqsədilə fond yaradıb.

Mütəxəssislərin məlumatına görə, endometrioz təxminən hər 10 qadından birində rast gəlinir. Xəstəliyin diaqnozunun qoyulması orta hesabla səkkiz il çəkə bilər.

Qadın xəstəlikləri üzrə mütəxəssis Rakel Maqalyaeş bildirir ki, qadınlar bəzən ağrı ilə yaşamağı normal qəbul edir. Onun sözlərinə görə, bu yanaşma xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir.

Kolumbiyada evtanaziya konstitusion hüquq kimi tanınır. 2024-cü ildə ölkədə 350-dən çox tibbi evtanaziya proseduru həyata keçirilib. Melisanın müraciətinin rədd edilməsi isə müalicə hüququ, tibbi yardımın əlçatanlığı və ağır xroniki ağrılar yaşayan insanların hüquqları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki