Türkiyənin tanınmış iş adamı, Zorlu Holdinqin İdarə Heyətinin sədri Ahmet Nazif Zorlu 82 yaşında vəfat edib. O, bir müddətdir müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Referans Media xəbər verir ki, mərhumun vəfatı barədə Zorlu Holdinq tərəfindən rəsmi açıqlama yayılıb.
Şirkətin məlumatına görə, Ahmet Nazif Zorlunun dəfn mərasimi 4 noyabr 2026-cı il, çərşənbə günü İstanbulun Levent rayonunda yerləşən Barbaros Hayrettin Paşa məscidində günorta namazından sonra keçiriləcək. O, mərasimdən sonra Zincirlikuyu qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək.
Şirkət mərhumun istəyinə uyğun olaraq dəfn mərasiminə əklil göndərilməməsini, bunun əvəzinə arzu edənlərin istədikləri ictimai təşkilata ianə etmələrini xahiş edib.
Ahmet Nazif Zorlu kimdir?
Ahmet Nazif Zorlu Türkiyənin aparıcı sənaye və biznes xadimlərindən biri olub. O, əmək fəaliyyətinə erkən yaşlarından ailəsinin məşğul olduğu tekstil sahəsində başlayıb.
1970-ci ildə şirkətinin mərkəzini İstanbula köçürərək Zorlu Holdinqin əsasını qoyub. 1976-cı ildə ilk istehsal şirkəti olan Korteksi yaradıb, 1990-cı ildə isə müxtəlif şirkətləri Zorlu Holdinq çətiri altında birləşdirib.
1994-cü ildə Vesteli holdinqin tərkibinə qatması onun biznes fəaliyyətində mühüm mərhələ olub.
Onun rəhbərliyi ilə Zorlu Qrupu tekstil sahəsindən kənara çıxaraq məişət texnikası, elektronika, daşınmaz əmlak, enerji, metallurgiya, müdafiə sənayesi və elektromobillik kimi müxtəlif sahələrdə fəaliyyət göstərən böyük şirkətlər qrupuna çevrilib.
Ahmet Nazif Zorlu Türkiyənin sənaye istehsalına, ixracına və məşğulluğuna verdiyi töhfələrlə yanaşı, təhsil, mədəniyyət və incəsənət sahələrindəki fəaliyyəti ilə də tanınıb.
