Bakıda son iki həftə ərzində yağan ardıcıl yağışlar paytaxtın infrastruktur baxımından nə qədər aciz və hazırlıqsız olduğunu bir daha bütün çılpaqlığı ilə ifşa etdi. Hər dəfə göydən düşən bir neçə damla yağış şəhəri iflic etdiyi halda, bu dəfəki mənzərə fəlakət həddinə çatdı. Xüsusilə Masazır, Keşlə və Sulutəpə qəsəbələrində sakinlər əsl sualtı kabus yaşadılar. Küçələr gölə döndü, evləri, həyətləri çirkab suları basdı, vətəndaşlara külli miqdarda maddi və mənəvi zərər dəydi.
Bu mənzərə təbiət hadisəsi yox, illərdir yığılıb qalan idarəçilik səriştəsizliyinin, məsuliyyətsizliyin və açıq-aşkar korrupsiyanın acı nəticəsidir.
Bakı ətrafındakı qəsəbələrin yağış sularına təslim olmasının kökündə illərdir həllini tapmayan, daha doğrusu, həll edilmək istənməyən kanalizasiya və kollektor sisteminin bərbad vəziyyəti dayanır. Masazır, Sulutəpə kimi ərazilərdə faktiki olaraq mərkəzləşdirilmiş yağış suları axıdıcı şəbəkəsi mövcud deyil! Sakinlər illərdir öz hesablarına çəkdikləri primitiv xətlərlə və ya şambolarla vəziyyətdən çıxmağa çalışırlar. Bir qədər güclü yağış yağan kimi isə bu sistemlər dərhal çökür.
Bəs bu günahkar kimdir? Təbii ki, ilk növbədə su təchizatı və kanalizasiya sisteminə cavabdeh olan aidiyyəti qurumlar! İllərdir dövlət büdcəsindən Bakı və ətraf qəsəbələrin kanalizasiya sistemlərinin yenidən qurulmasına, yağış sularının idarə olunmasına yüz milyonlarla manat vəsait ayrılır. Sual olunur: Bu qədər vəsait hara xərclənib? Əgər hər yağışda Keşlə, Masazır sakinləri dizə qədər zığ-palçığın, üfunətli suların içində boğulursa, deməli, ayrılan o milyonlar kağız üzərində “təmir-bərpa” adı ilə silinib, hansısa məmurların şəxsi bizneslərinə, villalarına və dəbdəbəli həyatına axıb!
Bu fəlakətdə ən böyük məsuliyyət payı Bakı Şəhər İcra Hakimiyyəti və ona tabeli rayon icra hakimiyyətlərinin (məsələn, Sulutəpə üçün Binəqədi, Masazır üçün Abşeron və Keşlə üçün Nizami rayon icra hakimiyyətləri) üzərinə düşür.
Qanunsuz Tikintilər və Təbii Axarların Kəsilməsi: İcra hakimiyyətləri illərdir rüşvət qarşılığında təbii su axarlarının, göllərin qurumuş yataqlarının və drenaj kanallarının üzərində fərdi yaşayış evlərinin, obyektlərin tikilməsinə göz yumublar. Təbiətin öz qanunu var – su həmişə öz axarını tapır. Əgər siz rüşvət alıb suyun qabağını kəsib ev tikilməsinə icazə vermisinizsə, günahkar təbiət deyil, birbaşa həmin icazəni verən korrupsioner məmurdur!
”Gözdən Pərdə Asmaq” Siyasəti: Rayon icra başçıları ancaq mərkəzi küçələrdə asfalt döşəmək, binaların fasadını rəngləməklə işlərini bitmiş hesab edirlər. Qəsəbələrin daxili küçələri, infrastrukturu isə tamamilə unudulub. Çünki fasadı bəzəmək rəhbərliyə “şou” göstərmək üçün yaxşı vasitədir, torpağın altında basdırılan kanalizasiya borusu isə kənardan görünmür və orada “mənimsəmə” etmək daha asandır!
Hər il payız-qış mövsümünə hazırlıq adı altında fəaliyyət planları hazırlanır, dövlət büdcəsindən külli miqdarda vəsait çıxarılır. Bəs hanı o vəsaitlərin nəticəsi? Masazırda həyəti su ilə dolan, uşağını məktəbə belində daşıyan vətəndaş o pulların hara getdiyini çox yaxşı bilir. Pullar tenderlərdə iştirak edən, kağız üzərində mövcud olan, əslində isə məmurların özlərinə məxsus şirkətlər vasitəsilə mənimsənilir.
Şəhərin mərkəzi hissələrində belə yağış barmaqlıqları zibillə dolu, kollektorlar bərbad vəziyyətdədir. Qəsəbələrdə isə ümumiyyətlə bu barədə danışmağa dəyməz. Dövlət büdcəsi məmurların talama poliqonu deyil! Vətəndaşın ödədiyi vergilər hesabına formalaşan o pullar vətəndaşın xidmətində durmalıdır, hansısa harınlamış məmurun cibində yox!
Bakıda son iki həftədə baş verənlər sadəcə bir “hava şəraiti” mövzusu deyil. Bu, insanların əmlakının məhv olması, sağlamlıqlarının təhlükəyə atılması və normal yaşayış hüquqlarının əllərindən alınmasıdır.
TƏBİB və Səhiyyə Nazirliyi bu çirkab suların yaydığı infeksiyaların qarşısını almaq üçün nə edir?
Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi kanalizasiya sistemlərinə ayrılan pulların hara xərcləndiyini niyə araşdırmır?
Hansı icra başçısı və ya qurum rəhbəri yarıtmaz fəaliyyətinə görə cəzalandırılıb?
Bəsdirin xalqın səbri ilə oynadınız! Bakını bu rüsvayçı vəziyyətə salan, büdcə vəsaitlərini mənimsəyən hər bir vəzifəli şəxs qanun qarşısında cavab verməlidir. Əks halda, yağan hər növbəti yağış təkcə küçələri yox, vətəndaşın dövlət qurumlarına olan onsuz da tükənmiş inamını da tamamilə yuyub aparacaq!
Sima Babayeva























