Dövlət Sosial Müdafiə Fondunun (DSMF) debitor borcları 86,2 milyon manata, kreditor borcları isə 333,8 milyon manata çatıb. Hesablama Palatasının rəyində hər iki göstərici üzrə artım qeydə alınıb. Bu rəqəmlər fondda maliyyə öhdəlikləri ilə bağlı müəyyən suallar yaradır.
Borcların son bir ildə əhəmiyyətli dərəcədə artması DSMF-nin maliyyə dayanıqlılığı baxımından nə dərəcədə narahatedicidir?
Bu tendensiya davam edərsə, gələcəkdə pensiya və sosial ödənişlərin maliyyələşdirilməsində risk yarana bilərmi?
Referans Media-ın məlumatına görə, mövzu ilə bağlı Globalinfo.az-a danışan danışan “Crypto Consulting MMC”-nin direktoru, UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev deyib ki, Dövlət Sosial Müdafiə Fondunun debitor borclarının 86,2 milyon manata, kreditor borclarının isə 333,8 milyon manata yüksəlməsi, xüsusilə kreditor öhdəliklərinin həcmi baxımından diqqətəlayiq göstəricidir:
“Lakin bu rəqəmləri avtomatik olaraq fondun maliyyə dayanıqlılığının pisləşməsi və ya pensiya ödənişləri üçün birbaşa təhlükə kimi qiymətləndirmək düzgün olmaz. Burada əsas məsələ borcun məbləğindən daha çox onun strukturunun, yaranma səbəblərinin və ödənilmə müddətinin araşdırılmasıdır”.
İqtisadçı bildirib ki, DSMF-nin kreditor borclarının artması fondun müəyyən maliyyə öhdəliklərinin əvvəlki dövrlə müqayisədə yüksəldiyini göstərir:
“Ancaq bu öhdəliklərin hansı hissəsinin qısamüddətli, hansı hissəsinin inzibati və ya digər xarakterli olması və onların fondun ümumi gəlir-xərc balansına nisbəti riskin real səviyyəsini müəyyən edən əsas amillərdir. Digər tərəfdən, debitor borclarının 86,2 milyon manata çatması da əhəmiyyətlidir. Çünki fond üçün debitor borcları faktiki olaraq gələcəkdə daxil olması gözlənilən vəsaitlərdir. Bu vəsaitlərin vaxtında toplanmaması likvidlik baxımından müəyyən təzyiq yarada bilər. Xüsusilə debitor və kreditor borclarının eyni vaxtda artması pul vəsaitlərinin hərəkətinin daha diqqətlə idarə edilməsini zəruri edir”.
E.Quliyev əlavə edib ki, bununla belə, 333,8 milyon manatlıq kreditor borcu təkbaşına DSMF-nin pensiya və sosial ödənişləri həyata keçirmək qabiliyyətinin zəiflədiyini göstərmir:
“Sosial sığorta sistemində əsas göstəricilərdən biri fondun davamlı gəlir mənbələri, sığorta haqlarının yığılması, dövlət büdcəsindən transfertlərin həcmi və ümumi pensiya öhdəlikləri ilə gəlirlər arasındakı balansdır.
Elnur Quliyev
Əgər borcların artımı birdəfəlik və texniki xarakterli deyil, davamlı tendensiyaya çevrilərsə, bu artıq daha ciddi siqnal kimi qiymətləndirilməlidir. Belə halda borcların restrukturizasiyası, debitor borcların yığılmasının sürətləndirilməsi və fondun pul axınlarının optimallaşdırılması istiqamətində tədbirlərə ehtiyac yarana bilər”.
Ekspert hesab edir ki, hazırkı rəqəmlərə əsasən “pensiya və sosial ödənişlər təhlükə altındadır” nəticəsinə gəlmək tezdir:
“Lakin kreditor borclarının bir il ərzində əhəmiyyətli artımı nəzarətdə saxlanılmalı olan maliyyə indikatorudur. Əsas sual borcun sadəcə nə qədər olması deyil, onun niyə yarandığı və fondun həmin öhdəlikləri hansı maliyyə mənbələri hesabına qarşılayacağıdır. Əgər bu artım gələcək dövrlərdə də davam edərsə və eyni zamanda sığorta daxilolmalarının artım tempi öhdəliklərin artımından geri qalarsa, orta və uzunmüddətli perspektivdə DSMF-nin maliyyə dayanıqlılığına təzyiq yarana bilər. Bu səbəbdən borcların dinamikası ilə yanaşı, fondun gəlirlərinin strukturu, dövlət transfertlərindən asılılığı və pensiya ödənişlərinin artım tempi də kompleks şəkildə qiymətləndirilməlidir”.

