Braziliya Prezidenti Luis İnasio Lula da Silva Rusiya Prezidenti Vladimir Putinə, ABŞ Prezidenti Donald Trampa və Çin Sədri Si Cinpinə dünyada zorakılığa son qoymaq üçün bir araya gələrək pivə, viski və ya konyak içməyi təklif edib.
Referans Media xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı məlumat yayıb.
Lula da Silvanın sözlərinə görə, o, bu çağırışı Rusiya, ABŞ və Çin liderlərinin Çinin Şençjen şəhərində keçirildiyi bildirilən üçtərəfli sammitindən bir müddət əvvəl edib.
"Mən onların hər üçünə zəng etdim və eyni şeyi dedim: Allah xatirinə, bir araya gəlin, pivə, konyak və ya viski için, amma danışın və zorakılığı dayandırın. Təsadüfdür, ya yox, bilmirəm, amma onların hər üçü bir araya gəldi. Bunun mənim zəngimlə əlaqəli olub-olmadığını bilmirəm", - deyə Braziliya Prezidenti bildirib.
Məlumata görə, noyabrın 19-da Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilib. Görüşün yekununda tərəflərin sülh haqqında bəyannamə qəbul etdikləri bildirilir./Ajans.az/
