Xocəsən qəsəbəsində zədələnmiş su borularından sızan içməli su torpağın altı ilə yayılaraq evlərin bünövrəsinə və həyətlərə axır. Üstəlik, su xətlərinin üzərindən 10 min voltluq elektrik kabellərinin keçirilməsi ərazidə təhlükəli vəziyyət yaradıb.
Referans Media xəbər verir ki, Bakı şəhəri, Xocəsən qəsəbəsi, Anadolu küçəsi, 98 ünvanında yaşayan Zahid İlyas oğlu Hüseynli musavat.com-a şikayətlə müraciət edib.
Sakin bildirir ki, ərazidə yeni elektrik xəttinin çəkilişi zamanı fərdi evlərə gedən su borularının üzərindən yüksək gərginlikli kabellər keçirilib. İşlərin aparılması zamanı boruların zədələndiyini deyən sakin bunun nəticəsində suyun torpağın altı ilə yayılaraq evinin altına və həyətinə axdığını qeyd edir.
Bunu da oxu
TikTok-a görə bacısını bıçaqlayan 15 yaşlı yeniyetməyə HÖKM OXUNDU
Gəncədə ağır qəza: iki məktəbli xəsarət aldı
Azərbaycanda tələbə qəfil VƏFAT ETDİ - FOTO
“Su boruları çəkilib, onların üzərindən isə 10 min voltluq elektrik kabelləri keçirilib. Mən işləri həyata keçirən şəxslərə etiraz etdim, dedim ki, başqa marşrut seçsinlər, kabelləri buradan yox, bir qədər kənardan çəksinlər. Lakin təklifimə məhəl qoymadılar. Ərazidə işlərə nəzarət edən icraçı da var idi. Buna baxmayaraq, kabelləri su borularının üzərindən keçirdilər.
Üstəlik, işlər lazımi dərinlikdə aparılmayıb, kabellər artıq zədələnmiş vəziyyətdə idi. Kabel suyun içində idi və həmin görüntüləri çəkərək redaksiyamıza göndərmişəm. Etirazımı bildirəndən sonra isə tez-tələsik üstünü torpaqla örtdülər ki, su sızması görünməsin”, – deyə şikayətçi bildirib.
Onun sözlərinə görə, ərazidə 15 ədəd əsas su borusu var. Həmin boruların hansından sızma olduğunu müəyyənləşdirmək isə çətindir. Sakin problemin artıq evinə də təsir etdiyini deyir:
“Su borularından sızan su torpağın altı ilə yayılır, istiqamətini dəyişərək evimizin altına, oradan da həyətimizə və aşağı istiqamətə doğru axır. İndi bu vəziyyətin nəticələri evimizə də təsir edir. Sadəcə, üstünü örtdükləri üçün sızma gözlə görünmür”.
Zahid Hüseynli qeyd edir ki, su sızmasının qarşısını almaq üçün indiyədək iki dəfə öz hesabına xərc çəkib. Lakin problemin təkrarlandığını və bununla bağlı bütün məsuliyyəti öz üzərinə götürə bilməyəcəyini bildirir.
Şikayətçinin fikrincə, problemin həlli üçün əsas su xəttinin üzərində kollektor quraşdırılmalıdır.





