“Ukrayna Prezidenti Volodimir Zelenskinin Krım körpüsünə hücumlarla bağlı addımları münaqişənin daha da gərginləşməsinə səbəb olur. Buna səbəb onun müharibə başa çatdıqdan sonra hakimiyyəti itirmək qorxusu ola bilər”.
Referans Media xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Sergey Melniçuk TASS-a açıqlamasında deyib.
Politoloqun sözlərinə görə, hərbi əməliyyatların davam etməsi Ukrayna hakimiyyətinə seçkiləri təxirə salmaq və mövcud siyasi mövqeyini qorumaq imkanı verir.
Melniçuk hesab edir ki, Zelenski mümkün qədər uzun müddət tammiqyaslı danışıqlardan yayınmağa çalışır.
O, Ukraynada seçkilər keçiriləcəyi təqdirdə Zelenski və onun rəhbərlik etdiyi “Xalqın xidmətçisi” Partiyasının məğlubiyyətlə üzləşəcəyini iddia edib.
Politoloq əlavə edib ki, münaqişənin uzanması Ukrayna rəhbərliyinə Avropadan gələn yardımlar üzərində nəzarəti saxlamaq imkanı verir. O, bu vəsaitlərin mənimsənildiyini də iddia edib. Lakin bu ittihamları təsdiqləyən konkret sübut təqdim etməyib.
Rusiya hökumətinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə hücumları nəticəsində konstruksiyanın əsas aşırım tiri və tağ hissəsi zədələnib.
Rusiyanın baş nazir müavini Marat Xusnullin bildirib ki, mütəxəssislərin körpünün bərpası üçün iki variantı var. Bununla belə, təmir işlərinin nə vaxt başa çatacağı hələ məlum deyil./Globalinfo.az/
