Bakının mərkəzində yerləşən köhnə yaşayış evlərinin sökülməsi və sakinlərin şəhərin kənar ərazilərinə köçürülməsi narazılıq doğurur. Bildirilir ki, sakinlərə evlərinin əvəzinə əsasən şəhər mərkəzindən uzaqda yerləşən Məhəmmədi və Binəqədi kimi qəsəbələrdə mənzillər təklif olunur. Halbuki həmin ailələr uzun illərdir Bakının mərkəzində yaşayır, burada doğulub boya-başa çatıblar. Onların çoxunun ailə üzvləri bir neçə nəsildir eyni ərazidə məskunlaşıb. Sakinlər pul şəklində kompensasiya almaq əvəzinə, məhz yaşadıqları ərazidə mənzillə təmin olunmaq istəyirlər.
Bəs niyə insanlara öz evlərinin yerləşdiyi ərazidə mənzil verilmir? Onların şəhərin mərkəzindən kənara köçürülməsinin səbəbi nədir?
Referans Media bildirir ki, Globalinfo.az-a danışan əmlak eksperti Mülkədar Rüstəmov deyib ki, əslində, sakinlərin narazılığı haqlıdır:
“Təklif edərdim ki, vətəndaşlar birlik göstərsinlər. Belə olduğu halda, istəklərini və tələblərini daha rahat şəkildə irəli sürə bilərlər. Çünki hazırda sakinlərin hər biri ayrı-ayrılıqda şirkətlərlə razılaşır, bu da onlara üstünlük qazandırır. Sakinlər birləşsələr, istədikləri məbləğdə kompensasiya ala bilərlər. Hazırda isə şirkətlər kompensasiyanın məbləğini özləri müəyyənləşdirirlər. Nəticədə qazanan sakinlər deyil, şirkətlər olur. Son iki-üç ildə, xüsusilə Sovetskidə, şəhərin mərkəzində və Nərimanov rayonunda bu problemlər demək olar ki, həllini tapmayıb”.
Ekspertin fikrincə, problemin həlli üçün sakinlərin birlikdə məhkəməyə müraciət etməsi çıxış yollarından biri ola bilər:
“Başqa cür bunun həlli mümkün görünmür. Şirkətlər bu məsələdə birtərəfli qərarlar verir, sakinlərin yaşayış şəraitini nəzərə almırlar. Əlbəttə, vətəndaş haqlıdır. Şəhərin mərkəzində yaşayan bir şəxsin şəhərdən kənarda, beşinci və ya yeddinci zonalarda mənzillə təmin olunması onun maraqlarına uyğun deyil. Bunun üçün sakinlər həmrəylik nümayiş etdirməli, birlikdə məhkəməyə üz tutmalıdırlar. Bu halda könüllü razılaşma əsasında kompensasiyanın məbləğini artırmaq və yaşadıqları əraziyə yaxın yerdə mənzil almaq üçün yetərli vəsait əldə etmək mümkün ola bilər”.
M.Rüstəmov bildirib ki, sakinlər tələb irəli sürdükləri təqdirdə, tikinti şirkəti onlara yaşadıqları ərazidə inşa olunan binadan mənzil də ayıra bilər:
“Əslində, bu, MTK üçün də daha sərfəlidir. Çünki şirkət bir mərtəbənin sahəsini əldə edərək 14-15 mərtəbəli bina tikir. Sakinlər bir olsalar, bu hüquqlarından istifadə edə bilərlər. Bunun üçün kortəbii deyil, təşkilatlanmış şəkildə hərəkət etmək lazımdır. Söküntü aparılan ərazidəki evlərin sakinləri bir yerə toplaşmalı, birlikdə ərizə yazmalı və tələblərini vahid şəkildə irəli sürməlidirlər. Bu halda onların hüquqlarını müdafiə etmək daha asan olar. Sakinlərin pərakəndə şəkildə hərəkət etməsi isə MTK-ların maraqlarına uyğundur. Konstitusiyada və Mülki Məcəllədə də vətəndaşların hüquqları qorunur. Tikinti şirkəti vətəndaşı onun razılığı olmadan köçürə bilməz. Bu prinsip hər yerdə vurğulanmalıdır”.
