ABŞ Prezidenti Donald Tramp İran hava məkanında vurulan bir “F-15E” döyüş təyyarəsindəki iki pilotun uğurla xilas edildiyini açıqlayıb. Lakin əməliyyatın detallarına dair gələn məlumatlar və ABŞ-ın rəsmi açıqlamaları arasında ciddi ziddiyətlər olduğu bildirilir.
Referans Media xəbər verir ki, vurulan təyyarənin qalıqlarının Nətənz nüvə obyektinin yaxınlığında tapılması diqqətəlayiqdir, tək pilot üçün isə yüksək tutumlu “C-130J” təyyarəsindən istifadə edilməsi isə suallar doğurub.
Bəzi ekspertlərə görə, ABŞ əməliyyatı yalnız pilotları xilas etmək məqsədi daşımır. Eyni zamanda İranda uran əldə etmək üçün də planlaşdırmışdı. Lakin planın uğursuz olması nəticəsində ABŞ qüvvələri bölgədən geri çəkilib.
İran ordusu əməliyyat zamanı İsfahan səmasında ABŞ-a aid “MQ-9 Reaper” tipli pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb. İran Xarici İşlər Nazirliyi əməliyyatın mahiyyətinə dair müxtəlif ehtimalların olduğunu və onun zənginləşdirilmiş uran əldə etmək məqsədli ola biləcəyini istisna etməyib.
Tramp əməliyyata 4 bombardman təyyarəsi, 64 döyüş təyyarəsi, 48 təchizat təyyarəsi və 13 xilasetmə təyyarəsi daxil olmaqla cəmi 155 təyyarənin qatıldığını bildirib. Əməliyyatın 48 saat davam etdiyini və İran hava hücumundan müdafiə sistemlərinin zərərsizləşdirildiyini vurğulayıb.
Prezident əməliyyatı “çox riskli qərar” adlandıraraq, bir-iki pilotu xilas etmək üçün yüzlərlə həyatın təhlükə altında olduğunu qeyd edib və əməliyyatın uğurla nəticələnməsində “Tanrı dəstəyi” olduğunu əlavə edib.
İran İnqilab Keşikçilərinə yaxın mənbələr, Kohgiluyə bölgəsində partlayışlar və raket hücumlarının baş verdiyini bildirir. Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi analitiki Larri Conson əməliyyatı “gizli əməliyyat” adlandırıb və onun pilot xilasından daha böyük strateji məqsədlərlə həyata keçirildiyini iddia edib.
ABŞ tərəfindən verilən rəsmi açıqlamalar ilə gələn məlumatlar arasındakı fərqlər əməliyyatın əsl məqsədinə dair suallar doğurur və beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalır.






















