Prezidentdən “Türk NATO-su” təklifi – bədxahlara gözdağı

Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşü keçirilib. Prezident İlham Əliyev çıxışında TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib. “Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini təklif edirik”, – deyə Prezident Əliyev təşəbbüs irəli sürüb.

Heç şübhəsiz ki, Azərbaycan Prezidentinin 2026-cı ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsi təşəbbüsü TDT ilə bağlı yeni hədəflərin anonsudur. TDT-nin “Regional Sülh və Təhlükəsizlik” mövzusuna həsr olunmuş Qəbələ Zirvəsində belə bir anonsun səslənməsi bəzi qüvvələri və paytaxtları əbəs yerə narahat edir, çünki Turan ordusunun, “Türk NATO-su”nun varlığı hər hansı ölkəyə qarşı təhdid deyil, sadəcə, sülhə, təhlükəsizliyə töhfə sayılmalıdır. Hansısa mərkəzlərin necə düşünməsindən asılı olmayaraq, artıq “Türk NATO-su”, yaxud “Turan ordusu” yaradılması bir zərurətə çevrilib. Dünyada gedən geopolitik qarşıdurmalar, blokların və qütblərin yaranması, “soyuq müharibə”nin dərinləşməsi, təhlükəsizlik probleminin bir nömrəli məsələyə çevrilməsi TDT-nin hərbi qanadının yaranmasını da qaçılmaz edir. Zaman-zaman da bu təkliflər səslənib ki, 400 milyonluq türk coğrafiyası üçün təhlükəsizlik çətiri yaradılsın. Türkiyə ilə yanaşı Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və digər ölkələrlə olan əməkdaşlığın gücləndirilməsi, gələcəkdə TDT-nin daha da güclü birlik halına gəlməsi ortaq ordu qurulması baxımından vacibdir.

Mövzumuzla əlaqədar Milli Məclis üzvlərinə müraciət etdik.

Referans.az xəbər verir ki , milli Məclisin Müdafiə, təhlükəsizlik, korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilən Zirvə toplantısının ən mühüm istiqamətlərindən biri təhlükəsizlik məsələləridir: “Məlumdur ki, hər bir dövlətə yönələn təhdidlərin qarşısının alınması, bu gün dünyada baş verən proseslər və beynəlxalq düzənin pozulması fonunda, zəruri və qaçılmazdır. Əsas məqam ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatı artıq “yumşaq güc” mərhələsindən çıxaraq hərbi əməkdaşlıq, birgə təlimlərin keçirilməsi, xüsusi xidmət orqanları səviyyəsində məlumat mübadiləsi və digər təhlükəsizlik məsələlərinin həlli istiqamətində konkret addımlar atır. 2026-cı ildə planlaşdırılan birgə təlimlərlə bağlı cənab Prezident İlham Əliyevin təklifi, üzv dövlətlərin həmin il Azərbaycanda birgə təlimlər keçirməsi təşəbbüsü, təkcə simvolik deyil, həm də praktik baxımdan son dərəcə mühüm addımdır. Bu, sırf hərbi tədbir deyil, Türk dünyasının təhlükəsiz inteqrasiyasına doğru atılmış strateji və düşünülmüş təşəbbüsdür”.

Millət vəkili xüsusilə vurğuladı ki, dünyada baş verən proseslər Türk dövlətlərini bir-birinə daha sıx bağlanmağa məcbur edir: “Qərb və Şərq arasında formalaşan yeni rəqabət, Asiya və Avropa arasında enerji və logistika marşrutlarının dəyişməsi, regionda sabitliyi pozmaq istəyən qüvvələrin aktivləşməsi TDT-nin öz təhlükəsizlik mexanizmini qurmasını qaçılmaz edir. Bu həm də bədxah qüvvələrə açıq mesajdır: Türk dövlətləri artıq ayrı-ayrılıqda deyil, vahid maraqlar ətrafında birləşmiş strateji mərkəz kimi çıxış edirlər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki