backend

Putinin postsovet ölkələrinə iki mesajı

Ukrayna süqut etsə, Rusiya keçmiş Sovet İttifaqını əvvəlki sərhədlərinə qaytara bilər – Azərbaycan üçün təhlükə
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinin xarici siyasətinin yalnız Ukraynadakı müharibə ilə məhdudlaşmayacağını və Sovet İttifaqını əvvəlki sərhədlərinə qaytarmağa yönəldiyini bildirib. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Merzin sözlərinə görə, Rusiya lideri “Avropada sərhədlərdə fundamental dəyişiklikdə” maraqlıdır və bu əvvəllər SSRİ-nin tərkibində olan ölkələr üçün ciddi hərbi təhlükə yaradır.

“Putin dayanmayacaq. Əgər Ukrayna süqut etsə, dayanmayacaq”, – Almaniya kansleri belə hesab edir. Rusiya Prezidenti Putin son olaraq dekabrın əvvəlində Avropa İttifaqı ilə müharibə etmək planlarının olmadığını açıqlayıb.

Putin bildirir ki, Moskva dəfələrlə münaqişə istəmədiyini bəyan edib: “Biz Avropa ilə müharibə etmək istəmirik, bunu yüz dəfə demişəm. Amma əgər Avropa bizimlə döyüşmək istəsə və başlasa, biz buna dərhal hazırıq”.

Qeyd edək ki, Putin Rusiyanın imperiyanı bərpa etməyə hazırlaşmadığını və postsovet məkanında ərazi bütövlüyü prinsipini dəstəklədiyi barədə də bildirib, lakin bu kontekstdə Ukraynanı istisna edib. Buna səbəb kimi üçüncü ölkənin Ukrayna ərazisindən Rusiyaya qarşı təhdid yaratmasını, Kiyevin davamlı anti-Rusiya siyasətini göstərib. Yəni Rusiya prezidenti Qərbin antitəbliğatına cavab olaraq hər fürsətdə postsovet ölkələrinə iki mesaj verir: Birincisi, israrla Ukraynaya hücumu digər ölkələrə təhdid olmadığına inandırmağa çalışır. İkincisi, Ukraynanın başına gətirilən müsibəti dövlət rəhbərliyinin anti-Rusiya mövqeyinin nəticəsi kimi “nümunə” göstərir.

Postsovet məkanından söz düşmüşkən, son günlər Avropa İttifaqı ilə Rusiya arasında artan gərginlik fonunda Belarusun da savaş riski ilə üzləşdiyi deyilir. Sözügedən iddialarla bağlı danışan Balarus Baş Qərargah rəisi general Pavel Muraveyko da bildirib ki, ölkə ətrafındakı hazırkı vəziyyət 1941-ci ilin iyunundan, yəni İkinci Dünya müharibəsi başlanmasından əvvəlki dövrdən daha mürəkkəbdir.

Yada salaq ki, Putinin müşaviri Anton Kobyakov və Dövlət Dumasının deputatı Nina Ostanina SSRİ-nin hələ də hüquqi baxımdan mövcud olduğunu iddia edib. Ekspertlər və müşahidəçilər sözügedən fikirləri heç də təsadüfi hesab etmir. Çünki Rusiya kimi ölkədə dövlətə yaxın şəxslərin Kremlin razılığı olmadan bu cür bəyanatlar verməsi mümkün deyil. Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun yekun mətbuat konfransında çıxış edən Anton Kobyakov açıq şəkildə bildirib ki, SSRİ-nin dağılması zamanı hüquqi prosedurlar pozulub və bu səbəbdən Sovet İttifaqı hüquqi baxımdan hələ də mövcuddur. Onun sözlərinə görə, SSRİ Xalq Deputatları Konqresinin qərarı ilə yaradılıb və yalnız həmin qurumun qərarı ilə buraxıla bilərdi. Lakin 1991-ci ildə belə bir qərar verilməyib.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayevanın sözlərinə görə, Azərbaycanda SSRİ təbliğatını aparanların həbsi təhlükənin ciddi olduğundan xəbər verir: “İmişlidə SSRİ bayrağı altında keçirilən tədbir, Bakıda bir qrup adamın bu bayraqla yürüşü təsadüfə oxşamır. Eynilə digər postsovet ölkələrində də analoji təbliğat  elementlərinə rast gəlmək mümkündür. Burada məsələ Sovet İttifaqı modelini tətbiq etmək deyil. Çünki praktiki və nəzəri baxımdan mümkün olmayacaq. SSRİ ideoloji bir dövlət idi. Bu gün isə o ideyalar populyar deyil və keçmiş sovet respublikalarında artıq təhdid kimi qəbul olunmaqdadır. O baxımdan, SSRİ-nin bərpası dedikdə dərhal diqqət Kremlə yönəlir. Sadəcə, burada əsas məsələ Rusiyanın yenidən postsovet məkanını kontrol etməsi və dominantlığıdır. SSRİ-nin bərpası dedikdə belə bir risk nəzərdə tutulur. Azərbaycanın da daxil olacağı gözlənilən bir ittifaqı dövləti xülyası varıydı. Bu gün o planlar puç olub”.

Politoloqa görə, birincisi Ukraynada blitzkriq alınmayıb, ikincisi, Azərbaycan və Ermənistan, həmçinin bəzi türkdilli respublikalarda Rusiyanın təsirlərinin azaldılması prosesi gedir: “Kanslerin məntiqi budur ki, Ukraynada qələbədən sonra Rusiya “gözü çıxmış qardaş” nümunəsi kimi digər keçmiş sovet ölkələrinə görk edəcək və onları öz orbitinə yaxınlaşmağa çağıracaq. Əslində Kiyev üç günə ələ keçirilsəydi, Ukrayna da ittifaq dövlətinə daxil ediləcəkdi. Bunun ardınca digər respublikalar Rusiyanın peykinə yaxınlaşacaqdı. Nəticə etibarı ilə SSRİ-2 layihəsi reallaşacaqdı. Amma Ukraynada planlar iflasa uğradı. Ona görə də Azərbaycan hakimiyyəti Rusiyanın içimizdə olan təsir imkanlarını sıfıra endirir. Bunu hərbi-siyasi müstəvidə görmək mümkündür. Yəni həm orduda, həm idarəetmədə “rus barmağı” qırılıb. Azərbaycan və Türkiyə müttəfiqliyi bu prosesə ciddi dəstək olub. Ona görə Orta Asiya ölkələri də həvəslənib”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədlinin fikrincə, bu təhdid qalmaqdadır və Rusiyanın arzularından biridir: “Amma potensialı o deyil. Ukrayna müharibəsi yorğunluğa səbəb olub. Məncə, Qərbin regionda artan təsirləri fonunda Rusiyanın sərhədləri dəyişmək cəhdləri real görünmür. Əlbəttə ki, Putin bunu istərdi. Amma açıq şəkildə dilə gətirə bilmir. Üstəgəl, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında reallıqlar dəyişib. Bir tərəfdən Qarabağ münaqişəsi yoxdur və Rusiyanın əsas təzyiq aləti əlindən çıxıb. Digər yandan isə Orta Asiya ölkələri Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı genişləndirir. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı var və Böyük Britaniyanın marağında olan bu platforma Rusiyanın manevr imkanlarını məhdudlaşdırır. Odur ki, kanslerin həyəcan təbili çalmağına baxmayaraq, Rusiyanın o gücü yoxdur”.

S.Əsədli təklif edir ki, Rusiyanın Azərbaycanda bütün təsir rıçaqları sıradan çıxarılmalıdır: “Çünki bizə ən böyük təhlükə şimaldan gəlir. Cənub qonşumuz da ondan geri qalmaz, amma Rusiya təhdidi daha böyükdür. Biz Rusiya ilə normal qonşuluq prinsiplərini pozmalı deyilik, amma həyatımıza təsirlərini azaltmaq istiqamətində siyasət davam etdirilməlidir. Görünən də budur ki, hakimiyyət Rusiyanın siyasi təsirlərini minimuma endirməyə çalışır”./musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki