İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinin sürətlənməsi fonunda “qaçqın” və “məcburi köçkün” statuslarının gələcək taleyi müzakirə olunan məsələlərdəndir.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən hüquqşünas Ümid Hüseynov bildirib ki, “qaçqın” və “məcburi köçkün” anlayışları yalnız Qarabağ müharibəsi ilə əlaqədar daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş şəxslərlə məhdudlaşmır. Onun sözlərinə görə, hər iki anlayış həm beynəlxalq hüquqda, həm də milli qanunvericilikdə daha geniş məzmuna malik hüquqi kateqoriyalardır.
Hüquqşünas qeyd edib ki, Azərbaycan qanunvericiliyinə əsasən, məcburi köçkün anlayışı daimi yaşayış yerini tərk etməyə məcbur olaraq ölkə daxilində başqa əraziyə köçən şəxsləri, eləcə də başqa ölkədəki yaşayış yerini tərk etməyə məcbur olub Azərbaycana gələn Azərbaycan vətəndaşlarını əhatə edir.
“Anlayışdan göründüyü kimi, məcburi köçkün statusunun əsas şərti şəxsin öz iradəsindən asılı olmayan səbəblərlə daimi yaşayış yerini tərk etməyə məcbur olmasıdır. Bu səbəblər yalnız silahlı münaqişələrlə məhdudlaşmır. Buraya təbii fəlakətlər, ekoloji və digər qəzalar, kütləvi zorakılıq halları, eləcə də insanların təhlükəsiz yaşayış imkanlarını aradan qaldıran digər fövqəladə vəziyyətlər də daxildir”, – deyə o bildirib.
Ümid Hüseynovun fikrincə, bu səbəbdən “qaçqın” və “məcburi köçkün” statuslarını tənzimləyən qanunvericiliyin bütövlükdə ləğv edilməsinə hüquqi zərurət yoxdur. Onun sözlərinə görə, bu institutlar yalnız keçmiş münaqişənin nəticələrini deyil, gələcəkdə yarana biləcək oxşar humanitar vəziyyətləri də əhatə edən ümumi hüquqi mexanizmlərdir.
Hüquqşünas vurğulayıb ki, Böyük Qayıdış prosesinin tam başa çatmasından sonra Qarabağ münaqişəsi ilə əlaqədar məcburi köçkün statusu almış şəxslərə münasibətdə tətbiq olunan xüsusi hüquqi rejimin yenidən nəzərdən keçirilməsi və mərhələli şəkildə transformasiya edilməsi mümkündür.
Onun sözlərinə görə, belə transformasiya beynəlxalq hüquq və insan hüquqlarının müdafiəsi sahəsində formalaşmış standartlara uyğun həyata keçirilməlidir. Bu zaman könüllü, təhlükəsiz və ləyaqətli qayıdış, reinteqrasiya, qazanılmış hüquqların qorunması, eləcə də sosial və hüquqi təsirlərin minimuma endirilməsi prinsipləri əsas götürülməlidir.
Ümid Hüseynov qeyd edib ki, bu yanaşma qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlərdə də öz əksini tapıb. Buraya 1951-ci il Qaçqınların Statusu haqqında Konvensiya, 1967-ci il Ərazi Sığınacağı haqqında Bəyannamə və 1998-ci il Daxili Köçkünlər üzrə Rəhbər Prinsiplər daxildir.
Hüquqşünasın sözlərinə görə, sözügedən statusların hüquq sistemindən tamamilə çıxarılması müəyyən hüquqi və sosial risklər yarada bilər:
“Qayıdış prosesinin başa çatması bütün hüquqi nəticələrin avtomatik olaraq aradan qalxması demək deyil. Mülki hüquqların bərpası, kompensasiya məsələləri, sosial müdafiə tədbirləri və reinteqrasiya prosesləri müəyyən müddət ərzində davam edə bilər. Buna görə də keçid dövrü ədalətinin təmin olunması baxımından statusların birdəfəlik ləğvindən deyil, hüquqi cəhətdən əsaslandırılmış və mərhələli transformasiyasından danışmaq daha düzgün olardı”.
Gülnaz Abdullazadə
