“Qiyamət günü” toxumları bəlli oldu - Gələcəyin süfrəsində bunlar olacaq

Avstraliyalı alimlər minlərlə toxum partiyasını sınaqdan keçirərək hansı bitkilərin uzunmüddətli saxlanmaya daha davamlı olduğunu müəyyənləşdiriblər.

Referans Media xəbər verir ki, tədqiqat zamanı 6 tropik bitkinin 3861 toxum partiyası yoxlanılıb. Nəticələrə görə, maş (münq lobyası) və adi lobya onilliklər ərzində yüksək cücərmə qabiliyyətini qoruyub saxlayır. Xüsusilə maş toxumları 45 il saxlanıldıqdan sonra belə ən azı 90 faizi cücərmə qabiliyyətini qoruyub saxlaya bilir.

Araşdırma Avstraliya Taxıl Gen Bankında aparılıb. Burada toxumlar təxminən 15 faiz nisbi rütubətdə və mənfi 20 dərəcə temperaturda saxlanılır. Alimlər bildirirlər ki, əvvəlki nəzəri modellər bəzi toxumların yüzlərlə, hətta minlərlə il davam gətirəcəyini proqnozlaşdırsa da, real nəticələr bu müddətlərin xeyli qısa olduğunu göstərib.

Sınaqdan keçirilən bitkilər arasında ən zəif nəticə göyərçin noxudunda, ən qısa orta ömür isə 17,4 il ilə adzuki lobyasında (qırmızı lobya) qeydə alınıb.

Tədqiqatçılar hesab edirlər ki, toxum banklarının uzunmüddətli fəaliyyəti üçün toxumların vaxtaşırı yoxlanılması və yenilənməsi vacibdir./Publika.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki