Türkiyə çempionu "Qalatasaray" yay transfer dönəmində əsas hədəflərindən biri olan gənc milli futbolçu Can Uzun üçün hərəkətə keçib. Sarı-qırmızılılar futbolçunun klubu olan "Ayntraxt Frankfurt" ilə ilkin danışıqlara başlayıb.
Referans Media xəbər verir ki, Almaniya təmsilçisi 20 yaşlı istedadı asanlıqla buraxmaq niyyətində deyil. Frankfurt rəhbərliyi futbolçunun müqaviləsində yer alan 60 milyon avroluq sərbəstqalma maddəsinin ödənilməsini tələb edir.
Bununla yanaşı, Can Uzunun "Qalatasaray"da çıxış etməyə müsbət yanaşdığı bildirilir. Xüsusilə UEFA Çempionlar Liqasında oynamaq perspektivinin gənc futbolçunun qərarında mühüm rol oynadığı qeyd olunur.
"Qalatasaray" rəhbərliyi isə tələb olunan məbləği həddindən artıq yüksək hesab edir. Klub prezidenti Dursun Özbek və idarə heyəti transfer danışıqları zamanı qiyməti təxminən 40 milyon avro səviyyəsinə endirməyə çalışacaq.
Yaxın günlərdə tərəflər arasında yeni görüşlərin keçirilməsi gözlənilir. Can Uzun transferinin yay dönəminin ən səs-küylü keçidlərindən biri ola biləcəyi vurğulanır.
