"Qalatasaray"dan transfer bombası: Qabriel Saranın yerinə dünya ulduzu GƏLİR

"Qalatasaray" yeni mövsüm öncəsi transfer çalışmalarını sürətləndirib. Türkiyə mətbuatında yayılan məlumatlara görə, İstanbul təmsilçisi yarımmüdafiə xəttini gücləndirmək üçün Kepren Turamı əsas hədəf kimi müəyyənləşdirib.

İddialara əsasən, klub rəhbərliyi transfer əməliyyatını həyata keçirmək üçün italiyalı menecer Corc Qardiyə geniş səlahiyyət verib.

Referans Media xəbər verir ki, hazırda "Yuventus"nun formasını geyinən Kepren Turamın transferi ilə bağlı ilkin təmaslar qurulub.

Xəbərlərdə Turin təmsilçisinin fransalı yarımmüdafiəçi üçün 50 milyon avro tələb etdiyi, "Qalatasaray"ın isə bu məbləği 40 milyon avro səviyyəsinə endirməyə çalışdığı bildirilir.

Transferin maliyyələşdirilməsi üçün "Qalatasaray"ın Qabriel Sara ilə yollarını ayırmağa hazır olduğu iddia edilir.

Mətbuatın yazdığına görə, futbolçu ilə "Aston Villa" və "Napoli" yaxından maraqlanır.

Klubun Sara transferindən 30-35 milyon avro gəlir əldə etməyi planlaşdırdığı, qalan məbləğin isə əlavə maliyyə resursları hesabına qarşılanmasının nəzərdə tutulduğu vurğulanır.

Ardıcıl çempionluqlardan sonra "Qalatasaray" rəhbərliyi komandanın yalnız Türkiyə çempionatında deyil, həm də Avropada daha rəqabətli olmasını istəyir. Bu səbəbdən heyətə yüksək səviyyəli futbolçuların cəlb olunması prioritet məsələlərdən biri hesab edilir.

Qeyd edək ki, Turamla bağlı yayılan məlumatlar hələlik rəsmi təsdiqini tapmayıb və tərəflər arasında danışıqların gedişi ilə bağlı klubdan açıqlama verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki