image-2026-03-07-20-47-18q9c7sg1ynhmvt1y5iijp_filebackend

Qalibaf istefa verib? – SEPAH izi…

İsrailin “12-ci Kanalı”nın saytının məlumatına görə, İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müdaxiləsindən sonra danışıqlar qrupunu tərk edib.

Qalibaf Donald Trampın İran rəhbərliyində “sərt” və “mülayim” qanadların mövcudluğu ilə bağlı iddiasını təkzib edib.

“İranda nə radikallar, nə də mülayim yönümlü şəxslər var. Hamımız iranlı və inqilabçıyıq. Millətin və hökumətin möhkəm birliyi, həmçinin İnqilabın Ali Rəhbərinə tam sədaqət sayəsində təcavüzkarı öz əməllərindən peşman edəcəyik. Bu yol bizim üçün həyatdan daha dəyərli olan İranın qələbəsinə aparır”, – Qalibag deyib.

Bu fonda İran Xarici İşlər Nazirliyi Vaşinqtonla yeni danışıqlar mərhələsində iştirakla bağlı hələlik heç bir qərarın verilmədiyini açıqlayıb. “Əl-Cəzirə”nin istinad etdiyi İran mənbəsinə görə, yüksək səviyyədə zənginləşdirilmiş uranın daşınması mümkün deyil, lakin onun zənginlik dərəcəsinin azaldılması variantı nəzərdən keçirilir.

Eyni zamanda, “Əl-Ərəbiyyə” Pakistan mənbələrinə istinadən xəbər verir ki, İslamabadda İran və ABŞ arasında danışıqlar prosesi faktiki olaraq dondurulub. Mənbənin sözlərinə görə, danışıqlar tam ləğv edilməyib, lakin hazırda dayandırılıb. Prosesin bərpası üçün həm İran, həm də ABŞ tərəfindən müəyyən güzəştlər tələb olunur.

Həmçinin bildirilir ki, Pakistan hakimiyyəti İranı danışıqlara əsas maneələrdən biri hesab olunan sanksiyaların aradan qaldırılmasını müzakirə etmək üçün İslamabada nümayəndə heyəti göndərməyə razı salmağa çalışır.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki