Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılan vəzifəli şəxslər Nadir Muradov, Qafar Abdullayev, İsa Şəmsəliyev və Rəşad Nadirlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Referans Media APA-ya istinadən xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
Məhkəmə prosesi 12 iyunda davam etdiriləcək.
Qeyd edək ki, ötən ilin noyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı Qaradağ Rayon İcra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov saxlanılıb, Binəqədi rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətikmkan tədbiri seçilib. Bu il fevral ayında həbs müddəti yenidən uzadılıb.
Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovun cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Təqsirləndirilən şəxslərdən Nadir Muradov, Qafar Abdullayev barəsində həbs, digər şəxslərlə barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə), 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
