Azərbaycanda uşaqlara qoyulan adlarla bağlı müzakirələr yenidən gündəmə gəlib. Mütəxəssislər bildirirlər ki, ad uşağa ailə tərəfindən verilən ilk mənəvi hədiyyədir və bu seçim uşağın gələcək psixoloji və sosial inkişafına birbaşa təsir göstərir.
Referans Media-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev qeyd edib ki, adların güclü psixoloji təsir potensialı var və uşağın şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Onun sözlərinə görə, düzgün seçilmiş ad uşağın kimlik hissini möhkəmləndirir, uyğun olmayan adlar isə travma yarada, sosial mühitdə stiqmatik yanaşmalara səbəb ola bilər. Bu səbəbdən bəzi insanlar orta yaşlarında adlarını dəyişmək istədiklərini bildirir və ya bu adla özlərini xoşbəxt hiss etmirlər.
Sosioloq bildirib ki, tarixi mənbələrdə, xüsusilə “Dədə Qorqud” dastanında adın insanın həyatda qazandığı mövqeyə əsasən verildiyi açıq şəkildə görünür. O vurğulayıb ki, hazırda Azərbaycanda uşaqlara qoyulan adların əksəriyyəti ərəb və fars mənşəlidir, milli mahiyyətli adlara isə daha çox diqqət ayrılması arzuolunandır.
Üzeyir Şəfiyev bəzi valideynlərin uşaqlara artıq aktuallığını itirmiş, uzun və mürəkkəb adlar qoyduğunu, bunun isə uşaqların utanmasına, sosial çevrədə istehza və replikalara məruz qalmasına səbəb olduğunu deyib.
O hesab edir ki, Ad Qoyma Komissiyası bu məsələdə daha diqqətli olmalı, valideynlər isə tarixə adını yazmış dahilərin, şəhidlərin, qazilərin, elm və incəsənət xadimlərinin adlarına üstünlük verməlidirlər.
Sosioloq eyni zamanda soyadlarda “-ov”, “-ova” formalarından imtina edilməsinin arzuolunan olduğunu bildirib. Onun fikrincə, ad qoyularkən əsas meyar milli-mənəvi dəyərlərə, əxlaqi normalara zidd olmamaq və uşağın şəxsiyyətinə xələl gətirməməkdir.
Gülnaz Abdullazadə.
