Xəzər çirkləndirən çaylar - Kimdir müqəssir...

Xəzər dənizinə 128 çay tökülür. Bu çaylar dənizə təkcə su deyil, müxtəlif çirkləndiricilər də daşıya bilər. Bəs Xəzərin ekoloji vəziyyətinə ən çox kim təsir edir? Söhbət yalnız çaylardan və məişət tullantılarından gedir, yoxsa sənaye, neft-qaz fəaliyyəti və digər insan amilləri də dənizin çirklənməsində mühüm rol oynayır?

Referans Media bildirir ki, mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Modern.az-a açıqlama verib:

"128 çayın çoxu kiçik çaylardır və onların Xəzərin çirklənməsində elə də əhəmiyyətli təsiri yoxdur. Əsas təsir göstərən iri çaylar Volqa, Kür, Ural və Terek çaylarıdır. Həmçinin İrandan Xəzərə tökülən iri çaylardan biri də müəyyən təsirə malikdir. Əsas çirklənmə mənbəyi kimi isə Volqa çayını qeyd etmək olar. Xəzərin çirklənməsinin böyük bir hissəsi məhz bu çay vasitəsilə daxil olur".

Ekoloq bildirib ki, Mahaçqala, Həştərxan, Aktau və Ənzəli kimi şəhərlər çirklənmədə rol oynayırlar:

"İkinci mühüm amil Xəzər dənizinin ətrafında yerləşən şəhərlərdir. Xüsusilə, Azərbaycanda Bakı və Sumqayıt, Rusiyada Mahaçqala, Qazaxıstanda Aktau və digər şəhərlər Xəzərin çirklənməsində əhəmiyyətli rol oynayır. İran tərəfdən isə Ənzəli kimi şəhərlərin adını çəkmək olar. Bu şəhərlərdən məişət-tullantı və sənaye sularının Xəzər dənizinə axıdılması ciddi ekoloji problem yaradır. Bundan əlavə, Xəzər dənizi böyük neft ehtiyatlarına malik olduğu üçün burada həm Rusiya, həm Türkmənistan, həm də Qazaxıstan tərəfindən çoxsaylı platformalar inşa edilib və quyular qazılıb. Quyuların qazılması, neftin hasilatı və nəqli, eləcə də digər neft-qaz əməliyyatları zamanı Xəzərə sızmalar və neft çirklənməsi baş verib. Bu da dənizin flora və faunasına əhəmiyyətli dərəcədə mənfi təsir göstərib"- o, deyib.

S.Həsənov qeyd edib ki, əgər 50 il geriyə qayıdaraq Xəzər dənizinin resurslarını indiki vəziyyətlə müqayisə etsək, çox böyük fərqin yarandığını görərik. Təəssüf ki, bu fərq mənfi istiqamətdədir. Resursların əhəmiyyətli dərəcədə azalması və çirklənmənin artması Xəzərin ekosisteminə ciddi təsir göstərir və nəticədə bioloji resursların azalmasına gətirib çıxarır.

Onun sözlərinə görə, belə halların qarşısını almağın əsas yolu çirklənmə mənbələrinin aradan qaldırılması və onların nəzarətdə saxlanılmasıdır. Son dövrlərdə bu istiqamətdə müəyyən işlər görülüb. Xəzəryanı beş ölkə tərəfindən Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya qəbul edilib və hər bir ölkə müəyyən öhdəliklər götürüb. Lakin bu öhdəliklərin nə dərəcədə yerinə yetirildiyi hələ tam aydın deyil.

"Düşünürəm ki, bu istiqamətdə kompleks və ardıcıl tədbirlər həyata keçirilsə, Xəzər dənizinin çirklənməsinin qarşısını almaq və onun ekoloji vəziyyətini yaxşılaşdırmaq mümkündür"- ekoloq, vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki